Fransadakı səfirliyimizin binasına hücum etmiş erməni hərəkatının üzvünə 6 aylıq şərti cəza verilib

İyunun 23-də Paris məhkəməsində, Azərbaycan Respublikasının Fransadakı səfirliyi önündə ötən il keçirilmiş icazəsiz aksiya zamanı səfirliyin binasına hücum etmiş, Fransada fəaliyyət göstərən “Charjoum” adlı erməni hərəkatının üzvü Loris Tufanyana qarşı dinləmələr baş tutub.

Xatırladaq ki, 2022-ci il sentyabrın 18-də radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliyinə qarşı hücum cəhdi olmuş və nəticədə səfirliyin binasına zərər yetirilmişdir. Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilmiş və hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələb edilmişdir. Məhkəmədə Azərbaycan Respublikasının səfirliyini Lexlor hüquq şirkəti təmsil edib.

Paris məhkəməsinin bu gün verdiyi qərarla sözügedən hücumun əsas iştirakçısı olan “Charjoum” erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyən edilib və cərimə tətbiq olunub.

Səfirlik radikal qruplar tərəfindən diplomatik nümayəndəliyə qarşı hər hansı hücum cəhdlərini bir daha qətiyyətlə qınayır, 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün yerli hüquq-mühafizə orqanları tərəfindən gücləndirilmiş tədbirlərin təmin edilməsinə çağırır və Paris məhkəməsinin sözügedən qərarını gələcəkdə bu kimi halların qarşısının alınması və ədalətin təmin edilməsi baxımından mühüm addım kimi qiymətləndirir.

ƏvvəlkiAvropa Məhkəməsi Ermənistanın Azərbaycanla bağlı tələbini rədd etdi
NövbətiSamir Şərifov: ABŞ və Azərbaycan arasında etibarlı tərəfdaşlıq münasibətləri formalaşıb