“E-sosial” portalının 1 milyon 520 minədək aktiv istifadəçisi var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu ildə istifadəyə verilən “e-sosial” internet portalının hazırda 1 milyon 520 minədək aktiv istifadəçisi var.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, geniş funksionallığa malik “e-sosial” internet portalı ölkənin vahid sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.

Portal üzərindən, həmçinin pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və sair barədə 30 növdən çox elektron arayış əldə etmək mümkündür.

Qeyd edilənlərin nəticəsi olaraq portala maraq daim artmaqdadır. Ötən dövrdə “e-sosial” internet portalından istifadə sayı 82,7 milyonu ötüb.

Əvvəlki“AzerGold”un hasilat həcmlərində artım qeydə alınıb
NövbətiBMU komandaları “Robotex Türkiyə”də qalib olub