Kəlağayı Azərbaycan xalqının milli kimliyini, zərifliyini və əsrlərdən süzülüb gələn sənətkarlıq ənənələrini özündə birləşdirən mənəvi sərvətimizdir. İpəyin zərifliyində, naxışların ahəngində, rənglərin harmoniyasında yaşanan bu sənət xalqımızın mədəni yaddaşının ayrılmaz hissəsidir.
AZƏRTAC xəbər verir ki, milli irsimizin qorunması və təbliği üçün bu dəyərləri yaşatmalı, gündəlik həyatımızın bir parçasına çevirməli və gələcək nəsillərə ötürməliyik. Bu baxımdan Bakının mərkəzində QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanımın milli baş örtüyü – kəlağayı ilə gəzinti-yürüşü xalqımızın qədim ənənələrinin yaşadılması və müasir cəmiyyətdə təbliği baxımından diqqətçəkən təşəbbüs olub.
Milli geyimlərdə olan qadınların kəlağayılarla yürüşdə iştirakı Azərbaycan ənənələrinin canlı nümayişinə çevrilib. Müxtəlif rəng və naxışlarla seçilən kəlağayıların nümayişi milli geyim mədəniyyətimizin zənginliyini, xalq sənətimizin özünəməxsusluğunu və ənənələrimizin bu gün də yaşadıldığını əks etdirib. Yürüş zamanı şəhər sakinləri ilə yanaşı, xarici turistlər də bu mənzərəyə maraq göstəriblər. Azərbaycan milli geyimlərini və kəlağayıları maraqla izləyən turistlər iştirakçılara yaxınlaşaraq bu ənənənin tarixi və əhəmiyyəti haqqında məlumat alıb, xatirə şəkilləri çəkdiriblər. Onlar milli geyimlərimizin və kəlağayıların gözəlliyini, rəngarəngliyini və özünəməxsusluğunu xüsusi vurğulayıblar.
Turistlərin marağı bir daha göstərib ki, milli irsimizin açıq məkanlarda nümayişi Azərbaycan mədəniyyətinin xarici qonaqlara tanıdılması üçün əlverişli imkan yaradır. Kəlağayı bu mənada keçmişimizlə bu günümüz arasında əlaqə yaradan, milli kimliyimizi ifadə edən və mədəniyyətimizi dünyaya tanıdan rəmzlərdən biridir.
“Kəlağayı” yürüşünün əsas məqsədlərindən biri milli irsimizin gənc nəslə tanıdılması, gənclərin Azərbaycan mədəniyyətinə, milli geyimlərimizə və ənənəvi sənət növlərimizə marağının artırılmasıdır. Çünki mədəni irsin davamlılığı onun yalnız qorunmasından deyil, həm də yeni nəsillər tərəfindən tanınmasından, mənimsənilməsindən və yaşadılmasından asılıdır. Bu cür təşəbbüslər gənclərə milli dəyərlərimizi daha yaxından tanımaq, onların tarixi köklərini anlamaq və bu irsin gələcək daşıyıcıları olmaq imkanı verir.
Azərbaycan kəlağayı sənətinin 2014-cü il noyabrın 26-da UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu sənətin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir. Bu hadisə xalqımızın əsrlər boyu qoruyub saxladığı sənət ənənələrinin bəşəriyyətin ortaq mədəni irsinin bir hissəsi kimi əhəmiyyətini nümayiş etdirir. Eyni zamanda, belə bir irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərin vacibliyini bir daha ön plana çıxarır.
“Kəlağayı” yürüşü bir daha xatırladır ki, milli dəyərlərimiz bu günümüzün və gələcəyimizin də ayrılmaz hissəsidir. Onları qorumaq, tanıtmaq və yaşatmaq hər birimizin mədəni irsimizə münasibətindən başlayır. Kəlağayının hər yeni nəsil tərəfindən tanınması və sevilməsi isə bu qədim sənətin gələcəyə uzanan yolunun davam etməsi deməkdir.

























































