XİN: Fransanın qərəzli bəyanatlarını Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndiririk

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycanda guya fikir və mətbuat azadlığının hədəf alındığı, əsassız həbslər həyata keçirildiyi barədə 8 mart tarixli bəyanatını qətiyyətlə rədd edirik.

Bu cür əsassız və qərəzli bəyanatları Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə kimi qiymətləndiririk.

AZƏRTAC xəbər verir ki, bu barədə sözügedən bəyanata dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində bildirilib.

Qeyd edilib ki, insan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, qanunvericilik strukturlarında geniş rüşvətxorluq və korrupsiya hallarının yayıldığı, İslamofobia və müsəlmanlara qarşı hücum hallarının geniş yayıldığı, habelə bir sıra digər insan hüquqları pozuntularına qarşı tədbirlər görməyən Fransanın Azərbaycana qarşı iddialar səsləndirməyə heç bir mənəvi haqqı yoxdur.

Vurğulanıb ki, Azərbaycanda fundamental hüquq və azadlıqlar, eləcə də media azadlığı tam olaraq təmin edilir.

“Azərbaycanın daxili işlərinə qarışmamağı Fransa tərəfindən bir daha tələb edirik”, – deyə XİN-in şərhində qeyd olunub.

ƏvvəlkiNiderland Qırmızı dənizə freqat göndərəcək
NövbətiBirinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib