Başlıbel qətliamı ilə bağlı ingilis dilində hesabat hazırlanıb

Başlıbel qətliamı ilə bağlı ingilis dilində hesabat hazırlanıb.

“Report” xəbər verir ki, bu barədə “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin Başlıbel qətliamı ilə bağlı hazırladığı hesabatın təqdimatında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfivey deyib.

Onun sözlərinə görə, Zəngəzurda, İrəvanda, Qarabağ bölgəsində və onun ətrafında ermənilər tərəfindən azərbaycanlılara qarşı cinayətlər törədilib.

“Bu gün Qarabağ azad olunub, amma çox güman ki, ermənilrin bizə qarşı təxribatları bitməyəcək. Hazırda Ermənistanı dəstəkləyən erməni diaspor fəalları bu və digər formada Azərbaycana qarşı təbliğat aparırlar. Akademik müstəvidə düşüncə mərkəzlərinin fəaliyyətinin vacib hissəsi ondan ibarətdir ki, cinayət faktlarına dair sənədləri beynəlxalq ictimaiyyətə çatdıraq. Ona görə də Kəlbəcərdə Başlıbel qətliamı ilə bağlı ingilis dilində hesabat hazırlanıb”, – deyə o qeyd edib.

Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü ilin aprel ayında işğal edilmişdi. İşğal zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyiblər. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışsalar da, buna nail olmayıblar, ermənilər 9 nəfəri qətlə yetirib, 5 nəfəri isə girov götürüb. Qalan 62 nəfər isə dağlara çəkilərək kahalarda gizlənib. Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək daha 18 nəfəri qətlə yetirib, 14 nəfəri isə girov götürüblər. Hadisə zamanı 1 nəfər itkin düşüb. Sağ qalmağı bacaran 30 nəfər 113 gün mühasirədə qalıblar. Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə mühasirədən çıxmağı bacarıblar. Yalnız 93 yaşlı Başlıbel sakini Ələsgər Kazımov kəndini tərk etməyərək həyatını mühasirədə davam etdirib.

Kəlbəcər rayonu Vətən müharibəsi nəticəsində – 25 noyabr 2020-ci ildə işğaldan azad edilib.

ƏvvəlkiDubayda Anım Gününə həsr olunmuş tədbir keçirilib
Növbəti30 il sonra Xocavənddə meyitinin qalıqları tapılan şəxslə vida mərasimi keçirilir