Milli Məclisin komitə iclasında ombudsmanın ötən il üçün illik hesabatı müzakirə olunur

Fevralın 29-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2023-cü il üçün illik hesabatı müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, ölkədə insan hüquqlarının qorunması müddəalarını özündə əks etdirən hesabat məruzəsi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq hazırlanıb.

2023-cü il üzrə məruzədə ombudsmanın Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Qeyd edək ki, insan hüquqları üzrə müvəkkilin məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada fevralın 27-də Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib, həmçinin Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Baş prokurora göndərilib.

ƏvvəlkiSiyəzəndə avtomobil yolu yenidən qurulub
Növbəti“Azərkosmos”un ixrac gəlirləri 22 % azalıb