Siyəzəndə avtomobil yolu yenidən qurulub

Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində 27 kilometr uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Məlumata əsasən, layihə üzrə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi, suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası, yol əsasının tikintisi işləri tam olaraq icra olunub.

Həyata keçirilən işlər çərçivəsində yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü salınıb. Layihənin sonunda yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, kilometr göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görülüb.

ƏvvəlkiMilli Ödəniş Sistemi vasitəsilə aparılmış əməliyyatların həcmi açıqlanıb
NövbətiMilli Məclisin komitə iclasında ombudsmanın ötən il üçün illik hesabatı müzakirə olunur