Dubayda Anım Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Dubaydakı Baş konsulluğunda ölkəmizin Birləşmiş Ərəb Əmirliklərində səfirliyi ilə birlikdə 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir təşkil edilib.

Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Birinci Qarabağ müharibəsi şəhidinin övladı, İkinci Qarabağ müharibəsi qazisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması” və “Qubadlının azad olunması” medalları ilə təltif olunmuş Polad Rzayev və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynov çıxışında qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra başlayan 44 günlük müharibə şəhidlərimizin və qazilərimizin rəşadəti nəticəsində Zəfərlə başa çatdı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz 300-dən çox şəhər və kəndi işğaldan azad edib, Ermənistanı 10 noyabr tarixində kapitulyasiya aktını imzalamağa məcbur edib. Baş konsul 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan ərazilərində təbii sərvətləri talan etdiyini, mədəniyyət və dini abidələri dağıtdığını diqqətə çatdırıb, əlavə edib ki, Prezident İlham Əliyevin göstərişi əsasında bu gün azad edilmiş torpaqlarda geniş bərpa-quruculuq işləri aparılır, hava limanları inşa edilir, nəhəng yol infrastruktur layihələri icra olunur, habelə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları həyata keçirilir.

Diplomatımız diqqətə çatdırıb ki, bir neçə gün əvvəl Qarabağda aparılan uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycanın suveren ərazisində təxribatlar törədən qanunsuz erməni hərbi birləşmələri də tərk-silah edilib, beləliklə, dövlətimiz bütün Qarabağ bölgəsində öz suveren hüquqlarını bərpa edib. Hazırda bu ərazidəki erməniəsilli sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesi davam edir.

Vətən müharibəsi qazisi Polad Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan danışaraq, rəşadətli əsgərlərimizin – döyüş yoldaşlarının qəhrəmanlığından bəhs edib. O vurğulayıb ki, müharibə zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyanatları ilə daha da ruhlanan hərbçilərimiz düşmənı torpaqlarımızdan qovublar və onlar bundan sonra da ərazilərimizin müdafiəsi uğrunda əmrləri yerinə yetirməyə hazırdırlar.

Tədbir zamanı Vətən müharibəsi qazisi Polad Rzayevdən bəhs edən video-material tədbir iştirakçılarına nümayiş olunub.

ƏvvəlkiDTX: “Ruben Vardanyan təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub”
NövbətiBaşlıbel qətliamı ilə bağlı ingilis dilində hesabat hazırlanıb