Attraksionların texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət-yoxlama tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyi (FHN) yay fəsli ilə əlaqədar parklardakı attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət-yoxlama tədbirləri həyata keçirilib.

“Report”un xəbərinə görə, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırıb və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionların məsul şəxslərinə zəruri göstərişlər, habelə tövsiyələr verib.

Agentliyin Qazan, qaldırıcı və energetika qurğularında işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov bildirib ki, qurum yay fəsli ilə əlaqədar insanların kütləvi şəkildə istifadə edəcəyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin olunması məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət-yoxlama tədbirlərini gücləndirib:

“Attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalıdır. Eyni zamanda operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir”.

S.Mənsimov qeyd edib ki, attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə attraksion işçilərinə ətraflı məlumat verilir.

ƏvvəlkiBSU-nun iki fakültəsinə dekanlar seçilib
Növbəti“Bakı Fond Birjası”nın dövriyyəsi 15 % azalıb