FHN: Çərşənbə mərasimlərində 3 uşaq bayram tonqalına yıxılaraq yanıq xəsarətləri alıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə təkrar müraciət edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarına rast gəlindiyi təəssüflə qeyd edilib. Bildirilib ki, bu da acı nəticələrə gətirib çıxarır.

Belə ki, ötən çərşənbə mərasimləri zamanı 3 nəfər uşağın bayram tonqalına yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alması faktları qeydə alınıb.

Göstərilənlərlə bağlı nazirlik bir daha əhaliyə müraciət edərək aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırıb:

– bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı;

– tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

– süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

ƏvvəlkiYel çərşənbəsi qar gətirdi – Şamaxıda qarın hündürlüyü 30 santimetrə çatır
NövbətiSüni intellekt böyük həcmdə enerji tələb edir