Türk dronlarına böyük ehtiyacımız

Türkiyə dron erasının 2-ci mərhələsinə daxil olub. Belə ki, 11 sentyabrdan sonra ABŞ dünyanın yeganə dövləti idi ki, ölümsaçan raketlər buraxan pilotsuz təyyarələrə malik idi. Bu gün isə, dünyada bu cür silaha sahib bir neçə dövlət var ki, ilk yerlərdə gələn ABŞ-dan və İngiltərədən sonra üçüncü Türkiyədir.

10 il ərzində pilotsuz təyyarələrin ən nəhəng operatoru ABŞ idi. Hal-hazırda bu siyahıda İngiltərə, İsrail, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirikləri, Misir, Nigeriya və Türkiyə var. Vaşinton dəfələrlə cəhd etdi ki, dron texnologiyalarının yayılmasının qarşısını alsın. Lakin onun bütün cəhdləri boşa çıxdı. ABŞ-ın dünyada ən yüksək keyfiyyətə malik Predator (“Yırtıcı”) və Reaper (“Biçinçi”) dronlarının ixracı ABŞ Konqresi və hərbi sistemi tərəfindən nəzarətdədir. Bu dronları almaq istəyən ölkə az qala illərlə gözləməlidir.

Amma vəziyyət tam dəyişib. Türkiyə göstərdi ki, o, heç də ABŞ texnologiyalarından geri qalan deyil. Türkiyə artıq dronların ən qabaqcıl istehsalçısıdır və həmçinin, bu qorxulu silahın təkmilləşdirilməsi üçün onun hərbi sınaq meydanları da var — PKK və İŞİD-Ə qarşı ölkədaxili, Suriya və İraq əraziləri.

TÜRK DRONLARININ QISA TARİXİ

Türk dron proqramının atası Selçuk Bayraktardır. 2005-ci ildə Bayraktar hərbi sərgi çərçivəsində Türkiyənin dövlət və hərbi məmurlarını özünün rəhbərliyi altında tələbə dostlarının düzəltdiyi dronu nümayişə dəvət etdi. O zaman 26 yaşlı bu tələbə Türkiyənin qabaqcıl İstanbul Texniki Universitetində təhsil alıb, ABŞ-ın Pensilvaniya Universitetinin və ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun magistri olmuş, Corciya Texniki İnstitutunun doktorluq dissertasiyasını müdafiə edib.

“Mənim dostlarımın çoxu artıq tələbə olarkən ABŞ hərbi şirkətlərinin layihələrinə cəlb edilmişdilər. Mənə də belə bir təklif gəlmişdi. Asudə vaxtlarımızda biz məhz belə möcüzəni yarada bildik” – deyə o, əli ilə göydə uçan sınaq modelini göstərdi. – Lakin qarşımda bir problem dururdu. Ya ABŞ-da qalmaq, ya da Türkiyəyə qaytmaq. Lakin Türkiyədə mənim bilgim kimə lazım olacaq”. Sınaq dronunu sərgiləyən Bayraktar məmurlara müraciət etdi: “ Boing” və ya “Lokhid” nəhəng kompaniyalardır. Biz onlardan geri qalmayan dronlar hazırlaya bilərik. İndi başlasaq, 5 ildən sonra dünyanın öndə gedəni olacağıq”. Lakin onun bu təqdimatı məmurları inandırmadı. Hərbçilər arasında isə onu yadda saxlayanlar oldu.

Selçuk Bayraktar Massaçusets Texnoloji İnstitutundakı doktor dissertasiya işi dron helikopterinin dərə-təpəlik yerdə eniş alqoritminə həsr olunmuşdu. Həmçinin, dronun tam şaquli divara oturmasının hesablanması da onun tədqiqatlarına daxil idi. Təhsilinin sonunda Bayraktar ingiliscə yazılmış ürək sözlərində Allaha, elmi rəhbərinə, institutun nəzdində fəaliyyət göstərən Müsəlman Tələbələr Assosiasiyasına təşəkkür bildirirdi.

Bayraktar ailəsi kasıb deyildi. Onun ailəsinə avtomobil detalları istehsal edən “Bayraktar makina” şirkəti məxsus idi. Şirkətin əsasını qoymuş Selcukun atası Özdemir Bayraktar Almaniyada təhsil almış mühəndis -texnoloq idi. 1984-cü ildə Türkiyədə avtomobil sənayesinə böyük ehtiyac oldugu dövrdə təsis edilib. 2000-ci illərdən etibarən 20 yaşlı oğlunun təkidi ilə şirkətdə dronlar üzrə mühəndis şöbəsi yaradıldı. Yüksək texniki biliklərə sahib olan və müasir dünyagörüşlü Bayraktar ailəsi həm də dindarlığı ilə seçilir.

2007-ci ildə Selçuk Bayraktar Massacusets Texnoloji İnstitutunda elmi tədqiqatlarını dayandırıb Türkiyəyə qayıtdı. Lakin onun adının tanınmasına hələ çox vaxt qalmışdı.

Artıq 90-cı illərin sonunda Türkiyədə dron proqramı ilə Turkish Aerospace İndustries (TAİ) yarımdövlət şirkəti məşgul idi. Hərbi generallar içərisində belə bir fikir var idi ki, Türkiyə hec vaxt texnologilayalara görə ABŞ-ı, Fransanı, İngiltərəni ötə bilməyəcək. Ona görə yalnız mütəxəssislər yetişdirmək və dronları ABŞ-dan və İsraildən almaq yetərlidir.

Digər tərəfdən, hərbi generallar içərisində digər cinah isə, ölkənin öz hərbi sənayesinə malik olmasının tərəfdarı idi. Əldə edilmiş konsesusa görə, 1996-cı ildə TAİ ABŞ-ın General Atomics şirkətindən 6 silahsız dron aldı. GNAT-750 tipli dronlar yüksəklikdən ərazini çəkmək və mərkəzə ötürmək imkanına malik idi. Bu dornların əsasında onun bir neçə oxşarı yaradıldı. Dronları Türkiyənin cənub-şərqinə, PKK-nın at oynatdığı vilayətlərə yolladılar. Türk dronları barədə ABŞ-ın “The Intercept” jurnalına müsahibə verən keçmiş xüsusi təyinatlılarının, “bordo berelelerin” zabiti Necdət Özçelikin bildirdiyinə görə, həmin dronların səmərəliyi çox aşağı idi.  “Ən yaxşı halda dronun çəkdiyi təsvirlər 20 dəqiqə içərisində təhlil edilib orduya əmrlər verilirdi. Amma hamı bilir ki, döyüş meydanında və ya terrorçuları izləyərkən 20 dəqiqə içərisində vəziyyət tamamilə dəyişə bilir. Beləliklə, operativlik çox aşağı səviyyədə idi “- deyə Özçelik bildirib.

2006-cı ildə artıq ABŞ Konqresinin manelərindən cana yığmış Türk Hərbi Sənayesi İsraildən 10 ədəd silahsız Heron (“Vağ quşu”) dronlarını  sifariş etdi. İsraildə də bu sifarişin qarşısını alan bir sıra faktorlar var idi. Yalnız 2011-ci ildə Ankara 10 ədəd sifariş verdiyi Heronları ala bildi. Türk mütəxəssislər alınmış silahı analiz edib narazı qaldılar. Rəsmi Ankara mühərriklərin və təsvirlərin elektron emalının köhnəlmiş olduğunda İsraili ittiham etdi və dronlar yenidən İsrailə təmirə göndərildi. İki ildən sonra yenidən Türkiyəyə gətirilmiş dronları israilli mütəxəssislər idarə edirdilər.

Kəşfiyyatın əldə etdiyi məlumatlar əsasında Türkiyə israilli mütəxəssisləri ölkədən çıxardı və “Vağ quşları” türk mütəxəssislərinə yenidən qurulmağa verildi. Belə bir şübhə var idi ki, PKK -nı izləyən dronlar təsvirləri həm türk, həm də İsrail hərbi bazalarına ötürürdü.

TAİ tərəfindən İsrail və ABŞ texnologiyalarını özündə birləşdirən Anka və Phoenix dronları istifadəyə buraxıldı. Bu dronların qanadlarının uzunlugu 17 metr idi, 10 km yüksəklikdə 1 gün qala bilirdi. Lakin texniki göstəricilər onun silahlanmasına imkan vermirdi.

2011-ci ildə PKK-nın 100-dən çox yaraqlısı Türkiyənin Hakkari vilayətindəki hərbi bazasına hücum etdi.  Türk dronları bu qırğının yalnız operativ çəkilişini apara bildi. Yardıma gələn hərbi hissələr 2 saat gecikmişdilər. Bu hücumun nəticəsində Türkiyə İraq ərazisinə qoşun yeritməli oldu.

Vəziyyətin belə döndüyünü görən ABŞ Türkiyəyə müraciət edərək PKK-nın hərəkətini izləmək üçün öz köməyini təklif etdi. Prinsip belə idi ki, ABŞ dronları Ankaraya fasiləsiz lazım olan ərazilərin çəkilişini göndərəcəklər. Türkiyə hərbçiləri 24 saat dayanmadan sərhədboyu təhlükəli zonaları müşahidə edə bilərdilər. Amma Türkiyə ABŞ-dan “Predator” tipli dronları almaq üçün müraciət edir. ABŞ Dövlət qurumlarında Türkiyənin bu təklifinə mənfi yanaşıldı. Vaşinqton İsrailə qarşı Türkiyənin bu texnologiyalardan istifadə edəcəyini istəmirdi və ümumiyyətlə, texnoloji üstünlüyü öz əlində saxlamaq niyyətində idi.

BAYRAKTARLAR ÜÇÜN YAŞIL İŞIQ

2016-cı ilin əvvəlində Bayraktarın şansı parladı.

Bu illər ərzində Bayraktar ailəsi də yerində saymırdı. 2006-cı ildə onlar mini-dronların istehsalı üçün Müdafiə Nazirliyinin tenderində qələbə çaldılar. Bayraktarların  videoçəkiliş aparan 19 mini-dronu ölkənin cənub-şərqində yerləşdirildi.

Bayraktar ailəsi dəfələrlə orduya müraciət edirdi ki, onların uzmanlarını PKK-ya qarşı keçirilən əməliyyat zonalarına buraxsınlar. Belə ki, mühəndis -texnoloq operativ qərargahın işi ilə tanış olmalı idi ki, dronlardan nəyin tələb olundugunu özü üçün müəyyənləşdirsin. İstənilən komputer proqramçısı proqram yazacağı sahə ilə gərək tanış olsun, istər bu kənd təsəsrrüfatı sahəsi olsun, istər hərbi — bu təcrübə dron texnologiyasında da qaçılmazdır.

2015-ci ildə Bayraktar şirkətinin uzmanları hərbi əməliyyat zonasıyla tanış olaraq qısa bir müddətdə TB-2 dronunu yaratdılar. Sınaqlarda dron 4 km hündürlükdən 8 km uzaqda olan hədəfi Türkiyənin istehsal etdiyi raketlə vura bildi. Artıq Türk generalları və hökumət anladılar ki, Türkiyə yeni texnologiyaya sahibdir.

2015-ci ildə daha bir əlamətdar hadisə baş verdi. Selçuk Bayraktar prezident Receb Tayyip Erdoğanın kiçik qızı, ABŞ İndiana Universitetinin bakalavrı, London iqtisadi və siyasi elmlər məktəbinin magistri Sümeyye Erdoğana elçi düşdü. 2016-cı ilin mayı ayında Bayraktar ailəsi Erdoğan ailəsi ilə qohum oldu.

Artıq bu gün TB-2 dronu Türkiyənin yerüstü və hava əməliyyatlarının əsas dayağıdır. O, 24 saat ərzində 7 km hündürlükdə  uçmağa qadirdir. Yerdən idarə olunur. 150 km radiusda uçmaq imkanı var. Eyni zamanda 55 kq-lıq hərbi sursat daşımaq qabiliyyətinə malikdir.

TÜRK DRONLARI TERRORİZMƏ QARŞI

İlk hədəf olan PKK yaraqlıları faktiki 2016-cı ilədək bütün dağlıq ərazi döyüşlərində üstünlüklərini itirdi.

“150 km-lik zonalara bölünərək Türkiyənin təhlükəli əraziləri hər biri 24 saat ərzində növbə ilə dron nəzarəti altındadır. Kiçik bir təhlükəli hərəkət qeyd olunan kimi, daha ordu qüvvələrinin həmin əraziyə göndərilməsinə ehtiyac qalmır. Operativ olaraq 1 neçə dəqiqənin içərisində terrorçuların məhv edilməsi haqqında drona əmr göndərilir. İndi Türkiyədə hərbi qərargah dronlar mövzusunda sevincdən ağlını itirib. Deyəsən gələcəkdə bizim bordo berelilərin işi yalnız dronun “biçinindən” sonra terrorçuların meyitlərini yığmaqdan ibarət olacaq. Təki belə olsun! İlk dəfədir ki, əsgəri itkilərimiz olmadan uzaq və əlçatmaz məsafədən düşməni dəqiq məhv etmək texnolojisinə malik olmuşuq. ” – deyə Özçelik vurğulayır.

Təkcə 2018-ci ilin yanvarından aprelinə kimi Türkiyənin dronları daşıdıqları türk istehsalı olan bomba və raketləri ilə şimal-qərbi Suriyada 449 PKK-çını məhv ediblər. Türkiyənin özündə cənub-şərqi ərazilərində 2016-cı ildən 2019-cu ilin sonuna kimi məhv edilmiş PKK -çıların sayı 400 nəfərdir.  

Öldürülən PKK-çılar arasında PKK-nın Şimali İraqdakı rəhbəri İsamyıl Özdən  və digər axtarışda olan terrorçuları var.

PKK-nın döyüş qabiliyyətinin itirildiyini görən ölkədəki PKK simpatizanı olan bir sıra QHT-lər və həmçinin onların Qərbdəki olan sponsorları  Türkiyəni öz vətəndaşlarına qarşı məhkəməsiz qətllərdə ittiham edirlər. R.T.Ərdogan bu cür ittihamlara belə cavab verib: “Gecə saat 4-də Hakkari təpələrində əlisilahlılar nə zamandan Türkiyənin bütövluyünə qarşı çıxış etməyən dinc sakinlər oldular? Terrorçu olmayan vətəndaş gecə saat 4-də evində qalar. Daha əlində silah, PKK uniformasında dərə-təpədə dolanmaz”.

SÜRÜ HUCUMU

İdlib ətrafında döyüşdə Türkiyə dronlarının məşhur “sürü hücumu” dünyanı şoka saldı. Nümayiş olunan videokadrlarda sürü halında hücuma keçən türk dronları hətta Rusiya istehsalı olan “Pantsır-S” (Dəbilqə) zenit-raket-top kompleksini məhv edir. “Azadlıq” radiosuna verdiyi müsahibələrdə bəzi hərbi ekspertlər “Pantsır-S” kompleksinin birinin Suriyada vurulduğunu bildirirlər. Çünki rusların Əsəd rejiminə verdiyi “Pantsır-S” kompleksi “KamAZ” şassisi üzərindədir. MAN şassisi üzərində olan ikinci “Pantsır-S” kompleksini ruslar Birləşmiş Ərəb Əmirliklərinə satıblar. BƏƏ də bu komplekslərdən birini Liviyadakı general Haftarın ordusuna verib. Beləliklə, Türkiyənin müttəfiqi olduğu Tripoli hökumətinin də türk dronlarından istifadə etməsinə şübhələr var.

Həmçinin, hərbi ekspertlərə görə, “Pantsır-S” kompleksinin dron sürüsü hücumu ilə məhv edilməsi inandırıcı deyil. “Dron sürüsü təklikdə belə bir kompleksi vura bilməz. Görünür, dron hücumu ilə paralel Türk Ordusu malik olduğu radio-elektron mübarizə (REM) qurğusunu işə salıb. Bu qurğular xüsusi proqramlı dronlar üçün təhlükəli deyil, amma “Pantsır-S” komplekslərini “kor və kar” edir. Beləliklə, Türkiyənin həm də hələ üzə çıxarmadığı REM-lərə malik olduğu bəlli olur. Suriyada və Liviyada türk REM-lərinin sınaqdan uğurla keçdiyini deyə bilərik.” – deyə adının bilinməsini istəməyən Pentaqon analitiki “Azadlıq” radiosuna verdiyi müsahibə bildirib.

TÜRK DRONLARI AZƏRBAYCANDA DA OLMALIDIR

Hərbi texnologiyaların həlledici bir amil olduğu dövrümüzdə Azərbaycanın qardaş Türkiyənin malik olduğu texnologiyalardan bəhrələnməsinə böyük ehtiyac var. İlk növbədə, biz qismən də olsa işğal edilmiş ərazilərimizdə düşmənin bütün planlarından xəbərdar olmalıyıq. Heç olmasa torpaqlarımızı qaytarmaq, düşmənə işğal edilmiş torpaqlarımızda gördüyü işlərin qarşısını ala bilmək hələki mümkün olmursa, heç olmasa, nəzarət edə bilərk.

Əlbəttə, təsəvvür edirik ki, türk dronlarının əldə edilməsinə, yəni elə Azərbaycanda istehsalına, erməni işğallarının arxasında durmuş Kreml və onun Azərbaycandakı 5-ci kolonu yaxşı baxmayacaq. Nəzərə alsaq ki, aprel döyüşlərində də rus hərbi analitikləri İsrailin dronlarından istifadə etdiyimiz üçün hirslərindən “zəncir çeynəyirdilər”. Çünki rus dron sənayesi hələ cavandır, maliyyə və kadr çatışmazlığı var, rus dronları da nəinki ABŞ, ingilis, İsrail dronları ilə, hətta Türkiyə dronları ilə müqayisəyə gəlməz dərəcədə yöndəmsizdirlər.

Hərbi gücündən və texniki səviyyəsindən asılı olaraq Bayraktar TB-2 dronunun 1-10 milyon ABŞ dolları  qiyməti olsa da, bu silahlar bizə lazımdır; ən azından potensial işğalçı qonşularımızın yeni hücumlarından sığortalanmaq üçün…

Sevda Elay (Əskərova) 

“Millətçilik” qəzeti

ƏvvəlkiQənbər Qurbanovdan Prezidentə təşəkkür
NövbətiAtəşkəs rejimi 23 dəfə pozulub