Romada Qarabağ xanlığının tarixi və mədəni irsi haqqında kitab təqdim olunub

İyunun 21-də Roma Milli Mərkəzi Kitabxanasında Heydər Əliyev Fondunun himayəsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilmiş “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” adlı albom-kitabın italyan dilində nəşrinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə kitabxananın foyesində iyulun 1-dək davam edəcək “Qarabağın mədəni irsinin inciləri” adlı sərginin açılışı olub. Tədbir iştirakçıları sərgidə nümayiş edilən, Gürcüstan Milli Muzeyinin kolleksiyalarında qorunan, Qarabağ xanlığına (1747-1822-ci illər) aid mədəni artefaktların rəsmləri ilə tanış olublar. Sərgidə nümayiş olunan fotolar “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabından seçilərək götürülmüş artefaktlar əsasında hazırlanıb. Onların arasında Qarabağ xanlığına aid edilən bayrağın məlum olan ilk təsvirini, Qarabağ xanları sülaləsində qorunmuş Şah İsmayılın qalxanı, qədim xalçaları, Sərdar məscidinin və onun fasadının dekorasiya plitələrini, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini, XIX əsrin sonu – XX əsrin əvvəllərində Sərdar xan sarayının fasadını və daxili görünüşünü, XIX əsrə aid at yəhərini, iki tar və üçsimli kamançanı əks etdirən fotolar, Mirzə Qədim İrəvaninin müəllifi olduğu Həsən Qulu xan Qacarın, Fətəli şah Qacarın portretləri xüsusi maraq doğurur.

Kitabın təqdimatı ilə bağlı keçirilən konfransda italyan alim və professorlar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən kitabxananın direktoru Stefano Kampanolo və Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov beş dildə işıq üzü görmüş nəşrin italyan dilində dərc edilməsini bu ölkənin ictimaiyyəti arasında Qafqazın incisi Şuşa və Qarabağ bölgəsində qədim tarixi, Azərbaycan mədəni irsi haqqında geniş məlumatın və təsəvvürlərin formalaşmasında mühüm rol oynayacağını bildiriblər.

Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçellinin moderatorluğu ilə keçirilən əsas müzakirələrdə Gürcüstan Milli Muzeyinin direktoru, tanınmış arxeoloq professor David Lordkipanidze və mədəni irsin bərpası sahəsində ixtisaslaşan “Artcloud Network International”ın kreativ direktoru Fabrisio Konti çıxışlarında Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan etnoqrafik materialların Qarabağın Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olmasını sübut etdiyini xüsusi vurğulayıblar.

Müzakirələrə “Qarabağın Azərbaycan milli kimliyində rolu” mövzusunda məruzə ilə yekun vuran Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov işğal dövründə Qarabağ bölgəsində Ermənistan tərəfindən Azərbaycan mədəni və dini irsinin məhv edildiyini, gürcü alimləri tərəfindən Qarabağ xanlığı irsinin dərindən tədqiq olunmasının bu bölgənin Azərbaycan milli kimliyindəki rolu haqqında tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr edilən kitabın Qarabağın postmünaqişə dövründə dirçəldilməsinin Azərbaycan xalqının ümummilli ideyasının olduğunu bir daha sübut etdiyi bildirilib.

Sapienza Universitetinin tədqiqatçısı, professor Ciovanna Motta kitabın nəşrini Azərbaycanın zəngin tarixi-mədəni irsinə aid maddi dəlillərin aşkarlanması istiqamətində həyata keçirilən unikal layihə kimi qiymətləndirib.

Konfransın sonunda İtaliya Milli Mərkəzi Kitabxanasında saxlanılacaq kitabın qəbulu ilə bağlı xüsusi sertifikat Azərbaycan tərəfinə təqdim edilib, həmçinin kitabın nüsxələri tədbir iştirakçılarına hədiyyə olunub.

Qeyd edək ki, müəlliflər qrupunun rəhbəri professor Eldar Nadiradze olan “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabında XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanlığına aid olan 300-dən çox artefaktın rəsmi yer alıb. Bu artefaktlar muzeyin arxivinə təhvil verildikdən sonra müəyyən səbəblərdən heç vaxt açılmayıb və 100 ildən artıq bir dövrdə arxivdə kataloqlaşdırılmadan saxlanılıb. Çox nadir mədəni irsimizin göstəricisi olan nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına, onun zəngin mədəni irsinə beynəlxalq marağın artmasına töhfə verəcək. Kitab Azərbaycan, rus, ingilis, fransız, ərəb və italyan dillərində nəşr olunub.

ƏvvəlkiNazir Ceyhun Bayramovun Birləşmiş Krallığın dövlət katibi Ceyms Kleverli ilə görüşü
NövbətiCeyhun Bayramov kral III Çarlzla görüşüb