Nazir Ceyhun Bayramovun Birləşmiş Krallığın dövlət katibi Ceyms Kleverli ilə görüşü

Azərbaycan-Birləşmiş Krallıq arasında Strateji Dialoqun iclası keçirilib.

İyunun 20-də Birləşmiş Krallığa işgüzar səfər çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Krallığın Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin iştirakı ilə iki ölkə arasında Strateji Dialoqun iclası keçirilib.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan-Birləşmiş Krallıq arasında strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, regional və beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib.

Azərbaycan və Birləşmiş Krallıq arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın olduğu, Azərbaycanın mühüm ticarət tərəfdaşı kimi xüsusi əhəmiyyəti vurğulanıb. Birləşmiş Krallıq şirkətlərinin Azərbaycan iqtisadiyyatının istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların mövcudluğu bildirilib.

Nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən sülh prosesi ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı mövqeyi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı məlumat verib. Ermənistan tərəfindən üçtərəfli Bəyanatın müddəalarının pozulmasının bölgədə sülh quruculuğuna əngəl olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

İclasda Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Birləşmiş Krallığın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə verdiyi töhfə, bu ərazilərin yenidən qurulması və bərpası işlərində onların yaxından iştirak niyyətləri təqdir olunub.

Həmçinin tərəflər, çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, o cümlədən Avropa İttifaqı ilə əlaqələr, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Strateji Dialoqun davamı olaraq, iyunun 21-də nazir Ceyhun Bayramovun Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ceyms Kleverli ilə ikitərəfli görüşü keçirilib.

Tərəflər, Azərbaycan-Birləşmiş Krallıq arasında Strateji Dialoqun gündəliyində duran məsələləri, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə regional təhlükəsizlik və postmünaqişə vəziyyəti ilə bağlı müzakirələr aparıblar.

Nazir Ceyhun Bayramov həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində danışıqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair ölkəmizin baxışları haqqında məlumat verib.

Görüş zamanı tərəflər iki ölkə arasında mövcud dialoq, qarşılıqlı səfərlər və təmasların, o cümlədən siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildiriblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

ƏvvəlkiÖlkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq
NövbətiRomada Qarabağ xanlığının tarixi və mədəni irsi haqqında kitab təqdim olunub