“Nakam aşiq” adlı kitab nəşr olunub

Bir neçə gün öncə Novrəs İmanın yaradıcılığının təhlilindən bəhs edən “Nakam aşiq” adli kitab “İmza” nəşrlər evində çap olunub. Kitabın müəllifi tədqiqatçı-ilahiyyatçı Hacı Həsən Hüseyni, ön sözün müəllifi şair-publisist Qılman İman, redaktoru isə tədqiqatçı-jurnalist Araz Yaquboğludur. 424 səhifəlik kitabda Novrəs İmanın müxtəlif dini şeirlərinin təhlilindən bəhs edən 10 məqalə, Novrəs İmanın deyişmələri, ona ithaf olunan Zakir Şəhriyazın, Adilə Nəzərin və Şamama Ələsgərlinin şeirləri də yer alıb. Qeyd edək ki, geniş ictimaiyyətə təqdim olunan kitab Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Elmi Şurasının 07 dekabr 2023-cü il tarixli qərarı (protokol №8) və  “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin dəstəyi ilə çap olunub.

Eyni zamanda 25 dekabr 2023-cü ildə Nizami Kino Mərkəzində Novrəs İmanın 120 illik yubileyi təntənəli şəkildə keşirilmişdir. “Nakam aşiq” kitabı da aşıq-şairin 120 illik yubileyinə ithaf olunub.

Kitabın müəllifi Hacı Həsən keçən il böyük ustadımız, Novrəs İmanın əmisi Dədə Ələsgərdən bəhs edən “Əhli-beyt (ə) aşiqi Dədə Ələsgər” kitabını da oxucularına təqdim etmişdi. Həmin kitabda 14 elmi məqalə ustadın 200 illik yubileyinə ithaf olunmuşdu.

“Nakam aşiq” kitabı haqqında “Redaktordan” başlıqlı yazıda Araz Yaquboğlu yazır:

“Müəllif aşıq-şairin dini səpkili şeirlərini geniş təhlil etmişdir. Belə ki, şeirlərdə olan ifadələrə, fikirlərə Qurani-Kərimin surələrindəki ayrı-ayrı ayələrdən sitatlar gətirmiş, hədis və digər müəlliflərin fikirlərindən də istifadə edərək fikirlərini aydın çatdırmışdır. Müəllif bəzən Novrəs İmanın söylədiyi fikirlər ilə üst-üstə düşən onun müasirlərinin, sələflərinin və xələflərinin də şeirlərindən nümunələr vermişdir. Bu da məqalələri daha da mükəmmələşdirmiş, zəngin etmişdir”.

ƏvvəlkiƏlahiddə Ümumqoşun Orduda zabit təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib
NövbətiElm və təhsil nazirinə yeni müavin təyin olunub