Muzeydə Malazgirt döyüşünün 950 illik yubileyinə həsr olunmuş elmi-praktik seminar

Sentyabrın 10-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Malazgirt döyüşünün 950 illik yubileyinə həsr olunan elmi-praktik seminarın ikinci hissəsi keçirilib.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, seminarda MATM-ın baş direktoru akademik Nailə Vəlixanlı mövzu ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Tədbirdə Malazgirt döyüşünün Azərbaycan və türk dünyası üçün əhəmiyyəti, onun tarixi gerçəklikləri ətrafında müasir tariximiz və türk xalqlarının birliyi mövqeyindən müzakirələr aparılıb.

AMEA-nın Tarix İnstitutunun əməkdaşı, rəssam Camaləddin İsmayılovun Malazgirt döyüşünə və onun yubileyinə həsr olunmuş batalist janrda rəsm əsəri təqdim olunub. Malazgirt döyüşündə qazanılmış tarixi Zəfərin türk dünyası üçün əhəmiyyətini nəzərə alaraq, onun yubileylərinin Azərbaycanda da qeyd edilməsinin önəmi tədbirin əsas ideyasını təşkil edib.

Seminarda Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, dosent Səbuhi Əhmədov, tədbirə Türkiyədən internet vasitəsilə qoşulan mütəxəssislərin məruzələri dinlənilib.

Sonra döyüşə həsr olunan rəsm və muzeydə sərgilənən “Nizami dövrü ekspozisiyası” təqdim olunub.

Seminar Azərbaycan Milli Elmlər Akademiyası, MATM, A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi tərəfindən dəstəklənib.

ƏvvəlkiSuqovuşanda daha iki erməni hərbçisinin meyitinin qalıqları tapılıb
NövbətiQazaxda saxta COVID-19 pasportu satan həkimlərə cinayət işi açılıb