Ermənistan XİN rus jurnalistin akkreditasiyasını bu yazıya görə ləğv etdi

Ermənistan Xarici İşlər Nazirliyi “Novaya qazeta”nın Dağlıq Qarabağa ezam olunmuş müxbiri İlya Azarın akkreditasiyasını ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist öz feysbuk səhifəsində məlumat verib. Ona akkreditasiyasının hansı səbəbdən ləğv olunduğu deyilməsə də, buna ötən gün Şuşa və Laçınla bağlı hazırladığı reportajın səbəb olduğu ehtimal edilir. Belə ki, qəzetin yayımladığı məqalə Ermənistan rəhbərliyinin xoşuna gəlməyib.

“Baxmayaraq ki, Ermənistan XİN digər jurnalistlər kimi mənə də Qarabağda işləmək üçün xüsusi akkreditasiya verib, rəsmi olaraq, mənim Qarabağa akkreditasiyasız daxil olmağım əsas gətirilir. İddia edilir ki, guya artıq Dağlıq Qarabağa girişlə bağlı akkreditasiya proseduru dəyişdirilib (mən Qarabağda olanda sərhədçilər sorğu-sualsız buraxırdılar) və mənə bununla bağlı mail göndərilib.

Ayrılıqda məni əmin etdilər ki, Ermənistanda tam söz azadlığı var (bu, indi mübahisəlidir)”, – deyə jurnalist yazıb.

Qeyd edək ki, “Novaya Gazeta”nın  Dağlıq Qarabağ bölgəsinə ezam olunan müxbirləri Ermənistanda əsgərlərin silah və geyim formaları çatışmazlığı yaşaması və cəbhədəki vəziyyətin acınacaqlı olduğunu yazıblar. Onlar Fransadan qanunsuz yolla Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gələn, daha sonra isə Gümrü şəhərinə qayıdan Artur Oqanisyanın da qəzetə açıqlamasını dərc ediblər. O, müsahibəsində Ermənistan hakimiyyətinin xalqı aldatmasını, 18 yaşlı əsgərləri bir avtomatla cəbhəyə göndərməsini deyib: “Deyirlər ki, bağışlayın, güllə yoxdur, bağışlayın, tank yoxdur. Güllə keçirməyən jiletlər tamamilə yararsızdır. Orada heç bir şey yoxdur. Yeməkdaşıyan maşın gəlir, yolun ortasına hər şeyi boşaldır. Əgər yemək istəyirsənsə, “Qrad” atəşi altında 4 kilometr piyada getməlisən. Səkkiz dostumuzla birlikdə dörd gecə gəzdik və dörd xətt boyunca özümüzə yemək daşıdıq”.

Gülnar Əliyeva

ƏvvəlkiErmənilərin Bərdəni atəşə tutması nəticəsində 7 mülki şəxs yaralanıb
NövbətiAzərbaycanda koronavirus infeksiyasına yeni 191 yoluxma faktı qeydə alınıb