Ermənistan Azərbaycan ilə şərti sərhəddə qoşunlarını cəmləşdirməyə və hücum xarakterli dayaq məntəqələrini qurmağa davam edir

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 2024-cü il martın 31-də Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb.

Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.

“Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək”, – deyə məlumatda vurğulanıb.

ƏvvəlkiTürkiyə və Rusiya XİN başçıları regional məsələləri müzakirə edib
NövbətiAzərbaycan nümayəndələri BTİ-nin Regional Forumunda iştirak ediblər