Bakı Musiqi Akademiyasında Arif Məlikova həsr olunmuş konsert və konfrans keçirilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycanın görkəmli bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun anadan olmasının 90 illiyinə həsr olunmuş festival çərçivəsində konsert və konfrans keçirilib. Bu tədbir müxtəlif nəsillərdən olan Azərbaycan musiqiçilərini – Qara Qarayev zalında uğurla çıxış etmiş BMA-nın professorları, məzunları və tələbələrini birləşdirib.

AZƏRTAC xəbər verir ki, Musiqi nəzəriyyəsi kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə filologiya doktoru, professor Könül Nəsirova konfrans-konsertin iştirakçıları və qonaqlarını salamlayıb. Tədbir çərçivəsində Arif Məlikovun simfoniyasına yeni müəllif baxışını nümayiş etdirən BMA Musiqi nəzəriyyəsi kafedrasının dosenti Nigar Rəhimova və BMA-nın məzun-magistrantı Nəzrin Quliyevanın kitabının təqdimatı olub. Monoqrafiya Arif Məlikovla səmimi dostluq və qarşılıqlı hörmət münasibətləri olmuş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olub.

Arif Məlikovun həmkarları və onun sinfinin məzunları – Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə doktor, professor İmruz Əfəndiyeva, Əməkdar müəllim, sənətşünaslıq üzrə doktor, professor Gülzar Mahmudova, Kompozisiya kafedrasının dosenti Gülnarə Məmmədova, bəstəkar Tamilla Əhədova görkəmli bəstəkar haqqında səmimi xatirələrini bölüşüblər.

İncəsənət üzrə fəlsəfə doktoru, BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının aparıcı müəllimi Alyona İnyakinanın rəhbərliyi altında tarix-nəzəriyyə fakültəsinin tələbələri dahi ustadın müxtəlif cəhətlərini nümayiş etdirən təqdimat hazırlayıblar.

Əməkdar artist Aleksey Miltıx, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərova, beynəlxalq müsabiqələr laureatı Emil Malıqin, BMA-nın orta ixtisas musiqi məktəb-studiyasının müəllimi Ofeliya Axundova, eləcə də gənc pianoçular – BMA-nın magistrant və bakalavrları Zöhrə Cahan-Şıxəliyeva, Nurel Kərimova, Kübra Həşimli, Jalə Quliyeva, Fidan Əmirovanın ifasında təqdim olunan görkəmli bəstəkarın musiqisi gecənin əsl bəzəyinə çevrilib.

Konfrans-konsert Arif Məlikovun həyatında və yaradıcılığında yaddaqalan hadisələri illüstrasiya edən foto və videomateriallarla müşayiət olunub. Tədbirdə BMA-nın tədris işi üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Arif Məlikovun ailə üzvləri, ali məktəbin professor-müəllim heyəti, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Gecənin səmimi atmosferi iştirakçıların çıxışını qurultulu alqışlarla müşayiət edən tamaşaçılarda güclü emosional reaksiya doğurub.

ƏvvəlkiTacikistan Prezidenti “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ilə tanış olub
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb