Türkiyə XİN: Vətəndaşlarımızın Qəzzadan təxliyəsi davam edir

İsraillə Fələstin arasında gərginlik başlayandan dərhal sonra 30 Türkiyə vətəndaşı və onların yaxınlarının ölkəmizə gəlməsinə icazə verilib. Misirin Rəfah keçid məntəqəsi bağlandıqdan sonra təxliyələrdə fasilə yaranıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri KİV-lərə açıqlamasında Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli söyləyib.

O deyib: “Təxliyələrini gözləyən vətəndaşlarımızla yanaşı, Şimali Kipr Türk Cümhuriyyəti vətəndaşları və onların ailə üzvlərinin Misir vasitəsilə ölkəmizə gətirilməsini təmin etmək üçün bir müddətdir təşəbbüslərimiz davam edir. Səylərimiz nəticəsində noyabrın 18-də Rəfah keçid məntəqəsi vasitəsilə 44 nəfər günorta saatlarında Misirə çatıb. Gün ərzində bu sayın artacağı ehtimalı var”.

Sərhəddə türk diplomatlar tərəfindən qarşılanacaq bu qrupun əvvəlcə Qahirəyə, oradan da hava yolu ilə Türkiyəyə gətiriləcəyini bildirən Ö.Keçeli qeyd edib: “Qəzzadakı bütün vətəndaşlarımızın ən qısa zamanda və təhlükəsiz şəkildə təxliyəsini başa çatdıracağımıza inanırıq. Digər tərəfdən, Qəzzadan daha bir qrup fələstinlinin müalicə üçün ölkəmizə gətirilməsi ilə bağlı müvafiq qurumlarımızla danışıqlarımız davam edir”.

İndiyədək xərçəng xəstəsi olan 27 fələstinli müalicələrini davam etdirmək üçün Qəzzadan Türkiyəyə gətirilib.

ƏvvəlkiQubada keçirilən beynəlxalq elmi konfransda beş ölkədən doqquz universitet təmsil olunub
NövbətiAzərbaycanın və İranın XİN başçıları cari regional vəziyyəti müzakirə ediblər