Toxum sertifikatlaşdırılmasında yeni texnologiya tətbiq edilir

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən davamlı olaraq zəruri tədbirlər görülür.

Aqrar Xidmətlər Agentliyindən AZƏRTAC-a bildiriblər ki, keyfiyyətsiz, mənşəyi bilinməyən əkin materiallarının, həmçinin dövlət reyestrində qeydiyyatda olmayan bitki sortlarının toxumlarının ticarət dövriyyəsinə daxil edilməsinin və istifadəsinin qarşısını alınması məqsədilə AXA tərəfindən beynəlxalq standartlara uyğun vahid etiketləşdirmə və sertifikatlaşdırma həyata keçirilir.

Bu texnologiyalardan biri də kənar müdaxilənin qeyri-mümkün olduğu, baş verən bütün proseslər üzrə izlənməni təmin edən Blokçeyn texnologiyasıdır. Bu il ilk dəfə olaraq Aqrar Xidmətlər Agentliyi tərəfindən dünyanın qabaqcıl ölkələrində istifadə olunan bu yeni texnologiya ölkəmizdə də tətbiq edilib. Bu məqsədlə ilkin olaraq toxum partiyalarının etiketlənməsində başlanılıb. AXA tərəfindən keyfiyyətinə nəzarət olunan və yoxlanılan toxum partiyalarındakı hər bir kisə ayrılıqda kodlaşdırılaraq etiketlənib, daha sonra laboratoriya analizlərinin nəticələrinə əsasən sertifikatlaşdırılıb. Fermer aldığı toxumun həqiqətən də keyfiyyətli və sertifikatlı olduğuna əmin olmaq üçün etiketdə olan QR kodu öz smartfonuna oxutdurmaqla, həmçinin “toxum.info.az” saytına daxil olub etiketdə olan nömrəni əlavə etməklə toxumun sertifikatlılığı haqqında ətraflı məlumat əldə edə bilər. Eyni zamanda, sual düyməsini sıxaraq nümunə forması ilə tanış olmaq olar.

Fermerlər bol və keyfiyyətli məhsul əldə etmək üçün aldığı toxumun keyfiyyəti haqqında məlumatı yoxlamağı unutmamalıdır.

Qeyd edək ki, Azərbaycan Respublikasının “Toxumçuluq haqqında” Qanununa görə Azərbaycan Respublikasında qablaşdırılmamış və etiketləşdirilməmiş, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı olmayan toxumların ticarət dövriyyəsinə daxil edilməsi qadağandır.

ƏvvəlkiKəlbəcər və Laçın balı Bakıda yarmarkada
NövbətiEnergetika Nazirliyi yaşıl enerji konsepsiyasını hökumətə təqdim edib