“Aztelekom” tərəfindən yeni texnologiyalara əsaslanan telefon rabitəsi təqdim olunur

“Aztelekom” tərəfindən yeni texnologiyalara əsaslanan telefon rabitəsi təqdim olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Aztelekom” MMC tərəfindən yüksəkkeyfiyyətli beynəlxalq və şəhərlərarası telefon rabitəsinin təmin olunması məqsədilə “Alcatel 1000 S-12” tipli stansiya yenilənərək müasir standartlara cavab verən İMS (IP multimedia subsystem) texnologiyasına əsaslanan platformaya keçirilib. Uzunmüddətli istismar nəticəsində avadanlıqların köhnəldiyini, həmçinin tələbatı ödəmədiyini nəzərə alaraq ölkə ərazisində stansiyanın müasir əsaslarda quraşdırılması işlərinə 2019-cu ildən başlanılıb. Ötən müddət ərzində Bakı şəhəri və Yevlax rayonu ərazisində yeni stansiyalar quraşdırılıb və uğurla sınaqdan keçirilib. Artıq yeni stansiyalar tam istismara verilib.

IMS texnologiyasına keçid “Aztelekom” MMC istifadəçilərinə telefon xidmətlərindən istifadə zamanı daha keyfiyyətli rabitə xidmətindən faydalanmağa şərait yaradacaq. İnformasiya-kommunikasiya texnologiyaları sektoru ölkə iqtisadiyyatının dinamik inkişaf edən aparıcı sahələrindən biridir. Bu məqsədlə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi, yeni avadanlıqların təmin olunması istiqamətində regionlarda bir sıra mühüm işlər aparılmaqdadır. Rayon, qəsəbə və kəndlərdə vətəndaşların dayanıqlı, təhlükəsiz və keyfiyyətli informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etmələri üçün ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır və layihələr həyata keçirilir.

ƏvvəlkiAzərbaycan Dövlət İqtisad Universitetinə yeni prorektorlar təyin olunub
NövbətiBakıda 4 tibb müəssisəsində saxta COVID-19 pasportu satılması aşkarlanıb