Şabranda şair-publisist Rəfail Tağızadə ilə görüş keçirildi

Şabran şəhəri Xaqani Poeziya Evində Rəsul Rza mükafatı laureatı, şair-publisist Rəfail Tağızadə ilə görüş keçirildi.

Bayram əhval-ruhiyəli günlərdə həyatı və eləcə də ədəbi yaradıcılığı Vətən eşqi ilə yoğrulan bir şairlə görüş gözlənilən və arzulanan idi. Görüşdə yerli yazarlarla yanaşı Siyəzən, Quba və Xaçmazın qələm adamları, Şabran rayon Mədəniyyət Mərkəzinin və Şabran MKS-nin əməkdaşları, eləcə də araşdırmaçı yazar Vaqif Osmanlı və şair-rəssam Sehran Allahverdi də iştirak edirdilər.

Tədbirdə Rəfail Tağızadənin yaradıcılığı, xüsusən, Qarabağla bağlı şeir, poema və esseləri haqqında fikirlər bildirildi. Məktəblilər şairin şeirlərini söylədilər.

Rəfail Tağızadə söhbətin sözdən, poeziyadan gedəndə məclisin də gözəl olduğunu, adamın yorulmadığını, zövq aldığını, ruhun təzələndiyini, xoş ovqata kökləndiyini ifadə etdi. Təhlil və müzakirələrin çox maraqlı keçdiyini və yadda qalan görüşə görə tədbirin təşkilatçısına və dəyərli yazarlara minnətdarlığını bildirdi.

Ay Bəniz Əlyar
Xaqani Poeziya Evinin müdiri

ƏvvəlkiXaçmazda zəlzələ baş verib
Növbəti“SPECA 2023” İqtisadi Forumu çərçivəsində sessiyalar təşkil edilib