Prezident İlham Əliyevin Ukraynaya səfəri iqtisadi sahədə əməkdaşlıq üçün yeni perspektivlər vəd edir

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri başlayıb. Səfər çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşündən sonra iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması nəzərdə tutulur. Bəri başdan demək olar ki, bu səfər iki dost ölkənin münasibətlərində, xüsusən iqtisadi-ticari sahədə əməkdaşlıqda yeni səhifə açacaq.

AZƏRTAC Azərbaycan-Ukrayna əlaqələrinin müxtəlif aspektlərinə nəzər salır.

Azərbaycan-Ukrayna diplomatik münasibətləri 1992-ci ildən qurulsa da, ölkələrimiz arasında ikitərəfli əlaqələr 1993-cü ildə, yəni, ulu öndər Heydər Əliyev Prezident seçildikdən sonra inkişaf mərhələsinə qədəm qoyub. Təbii ki, bu əlaqələr iki ölkənin xalqları arasında olan ənənəvi dostluq münasibətlərinə əsaslanır. Uzun illər Sovet İttifaqının tərkibində olan ölkələrimiz həmin dövrdə də sıx əlaqələrə malik olublar.

Müstəqilliyin bərpasından sonra isə həm Azərbaycan, həm də Ukrayna üçün qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması üçün yeni imkanlar açıldı və bu, hər iki ölkənin strateji maraqlarına cavab verirdi. Çünki həmin illərdə hər iki ölkə dağılmış iqtisadiyyatın yenidən təşkili üçün yollar axtarırdı. Bu baxımdan uzun illər səmimi dostluq əlaqələrinə malik Azərbaycan və Ukrayna xalqlarının bir-birlərinə qarşılıqlı dəstək vermələri və ağır günləri geridə qoymaları münasibətlərin möhkəm təməllər üzərində qurulmasını təmin etdi.

Çoxşaxəli münasibətlər və bu əlaqələrin hüquqi bazasını təşkil edən 155 sənəd

Azərbaycan Respublikası Prezidentinin 2008-ci ildə Ukraynaya səfəri çərçivəsindən imzalanan “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə” ölkələrimiz arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndirdi. Bu sənəd həm də gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Ümumilikdə isə iki ölkə arasında münasibətlərin hüquq bazasını formalaşdıran 155 sənəd imzalanıb. Bu sənədlər siyasi, iqtisadi, humanitar, informasiya texnologiyaları sahələri də daxil olmaqla, bir sıra mühüm istiqamətləri əhatə edir.

Ölkələrimiz arasında siyasi münasibətlər hər zaman yüksək səviyyədə olub. Yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan səmərəli danışıqlar bu münasibətlərin dərinləşməsinə və digər sahələrdə də müsbət dinamikanın əldə olunmasına şərait yaradıb.

Azərbaycan ilə Ukrayna arasında humanitar sahədəki əlaqələrdən bəhs edərkən təbii ki, ilk növbədə xalqlarımız arasında uzun illər mövcud olan mehriban dostluq münasibətlərini xatırlatmaq lazımdır. Təsadüfi deyil ki, bu gün Ukraynada çoxlu sayda soydaşımız yaşayır və onlar ölkə həyatının müxtəlif sahələrində mühüm töhfələr verirlər. Bununla yanaşı, hazırda Ukraynada 5000-ə yaxın azərbaycanlı tələbə təhsil alır.

Ukrayna Prezidenti Volodimir Zelenskinin 2019-cu ilin dekabrında Azərbaycana etdiyi səfərin gündəliyində əsas məsələ iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı idi. Digər tərəfdən, ticarət evlərinin açılması, biznes forumlarının keçirilməsi bu sahədə daha yaxşı nəticələrin əldə olunmasına hesablanmışdı. Ötən ilin on bir ayının göstəricilərini 2020-ci ilin nəticələri ilə müqayisə etsək, müəyyən müsbət dinamikanın əldə olunduğunu görərik. Belə ki, ötən ilin 11 ayında iki ölkə arasında ticarət dövriyyəsi 866 milyon dollar olub. İdxal 419 milyon, İxrac 446 milyon dollara çatıb. 2020-ci ildə isə ticarət dövriyyəsi 771 milyon dollar olub ki, onun da 418 milyonunu idxal, 353 milyonunu isə ixrac təşkil edib.

Pandemiyanın yaratdığı böhran şəraiti daha yaxşı göstəricilərin əldə olunmasına müəyyən maneələr yaratsa da, göründüyü kimi, müəyyən inkişaf dinamikası müşahidə edilir və qarşıdakı illərdə iki ölkə arasında iqtisadi sahədə əlaqələri genişləndirmək və yeni əməkdaşlıq formalarını müəyyən etməklə iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına nail olmaq əsas vəzifələrdəndir. Bu məsələlərin Prezident İlham Əliyevin Ukraynaya səfəri çərçivəsində aparılacaq müzakirələrin gündəliyində yer alacağı da gözləniləndir.

İqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar

Ukrayna ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlıqdan söhbət açarkən, ilk növbədə, enerji sahəsindəki əlaqələri vurğulamaq lazımdır. Çünki bu istiqamətdə artıq yaxşı nəticələr əldə olunub. Bu gün SOCAR yanacaqdoldurma stansiyaları Ukraynada məşhur brend kimi tanınır. Lakin enerji sahəsində əməkdaşlığı daha da genişləndirmək üçün daha geniş imkanlar mövcuddur.

Təbii ki, hər zaman alternativ bazarlara çıxışın mövcud olması ölkələrin ixrac imkanlarının artmasına önəmli təsir edir. Bu baxımdan Ukrayna Azərbaycanın ixrac məhsulları, o cümlədən kənd təsərrüfatı və neft-kimya məhsulları üçün əlverişli, vacib və alternativ bazardır.

Ukrayna isə ənənəvi olaraq metal konstruksiyalar, metal əsaslı tikinti materialları istehsalı üzrə ixtisaslaşıb. Ukraynadan Azərbaycana qara metallar, kağız, karton, əczaçılıq məhsulları və sair ixrac olunur.

Bununla yanaşı, dost ölkədə dəmyə əsaslı və yüksək məhsuldarlığa malik, xarici icarəyə açıq geniş torpaqlar var. Strateji əhəmiyyətli kənd təsərrüfatı məhsulları, xüsusilə taxıl əkini üçün icarəyə torpaqlar götürmək və hasil olan məhsulu ölkəmizə gətirmək olar. Əlbəttə ki, bu, son günlər dünya bazarlarında ərzaq qiymətlərində müşahidə edilən artımın ölkə iqtisadiyyatına təsirin azalmasında və ərzaq təhlükəsizliyimizin təminində önəmli rol oynaya bilər.

Xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycan özünün əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atır. Ümumilikdə isə ərzaq təhlükəsizliyi Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələlərdəndir. Prezident İlham Əliyev yanvarın 12-də yerli jurnalistlərə verdiyi müsahibəsində də bu məsələ üzərində ətraflı dayanıb və ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı davamlı addımların atıldığını vurğulayıb. Dövlətimizin başçısı müsahibəsində xarici icarəyə açıq və münbit torpaq sahələrinin icarəyə götürülməsi, orada məhsulların yetişdirilərək ölkəmizə gətirilməsi məsələsinin mümkünlüyünü də qeyd edib.

Azərbaycan Prezidentinin Ukraynaya səfəri çərçivəsində iki ölkə arasında iqtisadiyyat, kənd-təsərrüfatı, enerji kimi sahələrə dair sənədlərin imzalanması nəzərdə tutulur.

İmzalanacaq bu sənədlərlə yanaşı, ötən illər ərzində yüksək səviyyəli görüşlər zamanı müzakirə olunan məsələləri və mövcud potensialı nəzərə alsaq, bu səfər çərçivəsində də qarşılıqlı sərmayə qoyuluşu, turizm, informasiya texnologiyaları və bir sıra digər məsələlərə dair müzakirələrin aparılacağı da ehtimal olunur.

Bütün bunları nəzərə alaraq, əminliklə demək olar ki, dövlətimizin başçısının Ukraynaya işgüzar səfəri iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni imkanlar və perspektivlər vəd edir.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfərə gəlib
NövbətiAzərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü olub