Özbəkistanın Baş naziri Füzuliyə səfər edib

Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov işğaldan azad olunmuş Füzuli şəhərinə səfər edib.

Türk.az AZƏRTAC-a istinadən xəbər verir ki, Abdulla Aripov əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonağa Füzulidə gedən təmir, bərpa və quruculuq işləri, şəhərin inkişaf perspektivləri, eləcə də investisiya potensialı barədə geniş məlumat verib.

A.Aripov 30 ilə yaxın işğal altında qalmış Füzulidə törədilmiş vandalizmin izlərinin şahidi olub. Baş nazirə şəhərin dağıntılara məruz qalmış tikililəri, terrora uğramış təbiəti barədə də məlumat verilib.

Sonra Füzuli şəhərində Özbəkistan tərəfindən inşa olunan və tikinti prosesi davam edən məktəbə baxış keçirilib.

Qeyd olunub ki, Füzuli şəhərində həm yaşayış binalarının, həm də orta məktəbin tikintisinin yaxın müddətdə tamamlanması və Böyük Qayıdış Proqramının icrasına əsasən ilk sakinlərin köçürülməsi planlaşdırılır.

Baş nazir Abdulla Aripov məktəbin tikintisində çalışan özbəkistanlı inşaatçılarla görüşüb, xatirə şəkli çəkdirib.

Əvvəlki“Qarabağ” klubu UEFA Çempionlar Liqasında böyük hesablı qələbə ilə mərhələ adlayıb
NövbətiCeyhun Bayramov Heydər Zirvəsinə yürüş etmiş XİN əməkdaşlarına təşəkkür edib