Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlərlə bağlı Gəncədə keçirilən konfrans işini yekunlaşdırıb

Gəncədə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Milli ekoloji prioritetlər və qlobal iqtisadi təhdidlər: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans yekunlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Sonra kitablardan, rəsm əsərlərindən, ekoloji təmiz məhsullardan hazırlanmış qidalardan və startaplardan ibarət sərgiyə baxış keçirilib. Burada Qarabağ Dirçəliş Fondu tərəfindən hazırlanan sərgi də nümayiş olunub.

Heydər Əliyev Mərkəzində təşkil edilən beynəlxalq konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ekologiya sahəsində aktual məsələlərin müzakirəsinə həsr edilən elmi konfransın mühüm platforma olduğunu bildirib, tədbirin məhz Gəncə şəhərində keçirilməsinin önəmindən danışıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizin coğrafi mövqeyinin dayanıqlı ekoloji inkişaf və yaşıl artım üçün əlverişli olduğunu bildirib. Təmiz ətraf mühit və yaşıl inkişafın milli prioritetlərimiz olduğunu dilə gətirən nazir, Azərbaycanın gələcəkdə təmiz ətraf mühitə malik yaşıl artım ölkəsinə çevriləcəyinə əminlik ifadə edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ekoloji tarazlığın qorunub saxlanılmasının, təbii ehtiyatlardan səmərəli istifadənin, ətraf mühitin çirklənmədən qorunmasının önəmini qeyd edərək, bu məsələlərin Azərbaycanda da vacib məsələ olduğunu bildirib.

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov qeyd edib ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə ölkədəki ekoloji vəziyyət daim xüsusi diqqət mərkəzində olub, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görülüb. Professorun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də görülən işlərdə rəhbər tutulmaqdadır.

Konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin videomüraciəti nümayiş etdirilib.

Tədbirin davamında milli ekoloji siyasət, iqtisadiyyatın ekolojiləşdirilməsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji terror, ənənəvi iqtisadi artım modelindən yaşıl iqtisadiyyata keçid, maliyyə sisteminin inkişafında yeni mərhələ, “yaşıl” maliyyə trendi və digər məsələlərdən danışılıb.

Beynəlxalq konfransın ikinci hissəsi dəyirmi masa formatında davam edib. Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması dəyirmi masanın müzakirə mövzusu olub.

Konfrans çərçivəsində Milli Məclisin komitə sədri Sadiq Qurbanovun “Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və yaşıl iqtisadiyyat” adlı kitabı da təqdim olunub.

Rəsmi hissədən sonra konfrans iştirakçıları Gəncə şəhərinin Hacıkənd qəsəbəsinin ərazisində ağac əkiblər. Daha sonra Göygöl Milli Parkının ərazisində yerləşən gölə farel balıqları buraxılıb.

Beynəlxalq elmi-praktiki konfrans Gəncə Dövlət Universitetində dörd bölmə iclası ilə davam edib.

ƏvvəlkiCüdo üzrə Azərbaycan çempionatına yekun vurulub
NövbətiAzərbaycanda prezidentliyə namizədlərin sayı 6-ya çatıb