Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Dünya Bankının əməkdaşlığının perspektivləri müzakirə olunub

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Dünya Bankı arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molenös, Azərbaycan üzrə direktoru Navid Həsən Naqvi və maliyyə sektoru üzrə baş mütəxəssisi, həmçinin Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazasının (FSMP2) rəhbəri Anjela Priqojinadan ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlərə toxunulub, perspektiv məsələlər müzakirə olunub.

Palatanın idarə heyəti sədrinin vəzifəsini icra edən İbrahim Alışov ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən kompleks islahatların davamı kimi maliyyə sektorunun sağlamlaşdırılması və maliyyə sabitliyinin təmin olunması istiqamətində görülmüş işlər barədə məlumat verərək bu islahatların beynəlxalq nüfuzlu qurumlar və reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanın maliyyə bazarlarında hazırda da davam edən pozitiv trendlər Beynəlxalq Valyuta Fondunun (IMF) son hesabatında müsbət qiymətləndirilib, “Fitch”, “Moody’s” və “S&P” kimi reytinq agentliklərinin ölkəmiz haqqında göstəricilərində müsbət dinamika müşahidə edilib.

Ölkədə makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar barədə danışan İ.Alışov maliyyə bazarlarında dayanıqlı inkişafın mühüm ünsürlərindən biri kimi fiziki şəxslərin problemli kreditlərinin həll olunması istiqamətində ölkə başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman və bu Fərman çərçivəsində sektorun sağlamlaşdırılması, effektivliyinin artırılması məqsədilə görülmüş işlər, həmin işlər nəticəsində əldə olunmuş statistik nəticələr barədə məlumat verib.

Eyni zamanda, maliyyə bazarlarındakı sabitliyin nəzarətdə saxlanılması və beynəlxalq təcrübənin öyrənilərək ölkəmizdə tətbiq olunması məqsədilə MBNP-nin beynəlxalq maliyyə qurumları ilə intensiv əlaqələrin yaradılmasına xüsusi önəm verdiyi vurğulanıb. Belə ki, MBNP-nin Bazel Komitəsinin Bazel Konsultativ Qrupuna üzv qəbul edildiyi, 40-dan çox beynəlxalq təşkilat və xarici dövlətin nəzarət orqanları ilə məhsuldar əməkdaşlığın həyata keçirildiyi, bu çərçivədə Azərbaycanın daşınar əmlakın yüklülüyünün dövlət reyestri sahəsində təkmil təcrübəsinin Gürcüstan tərəfindən öyrənilərək tətbiq edilməsi istiqamətində işlərin aparıldığı, o cümlədən Qırğızıstanın bu təcrübədən yararlanmaqda maraqlı olduğu diqqətə çatdırılıb.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru S.Molenös MBNP-nin qlobal bazarlarda enerji daşıyıcılarının qiymətlərinin kəskin azalması nəticəsində maliyyə sektorundakı böhran fonunda yaradılmasına baxmayaraq, qısa müddət ərzində çox böyük uğurlar əldə etdiyini vurğulayaraq sektora yönəlmiş islahatların makroiiqtisadi sabitliyin və maliyyə inklüzivliyinin təmin olunmasında çox böyük əhəmiyyəti olduğunu qeyd edib. O, ümumilikdə MBNP tərəfindən həyata keçirilmiş tədbirlərin Dünya Bankı tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

ƏvvəlkiPrezident Beynəlxalq Maliyyə Korporasiyasının vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
NövbətiParisdə Avropa Voleybol Konfederasiyasının (CEV) 40-cı Baş Assambleyası keçiriləcək