İsveç terrorçuların ekstradisiyası ilə bağlı Türkiyənin heç bir sorğusunu təmin etməyib

İsveç Türkiyənin terrorçuların ekstradisiyası ilə bağlı 28 sorğusundan heç birini təmin etməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

“Biz İsveçə terrorçu təşkilatlarla əlaqəli olan şəxslərin ekstradisiyası ilə bağlı 28 sorğu göndərmişik. Onlardan 22-nə, çox təəssüf ki, rədd cavabı aldıq. Doqquz sorğu Kürdüstan İşçi partiyasının, səkkizi FETO terror təşkilatının, beşi digər təşkilatların üzvləri ilə bağlı idi. Üç sorğuya müttəhimlərin ölümü və ya oxşar hallarla bağlı rədd cavabı alınıb. Üç sorğuya isə cavab gözlənilir. Lakin İsveç məhkəmə orqanları bu sorğular üzrə mənfi cavab barədə artıq məlumat veriblər”, – deyə nazir qeyd edib.

Tunç xatırladıb ki, İsveç NATO-nun bir hissəsi və Türkiyənin bu alyansdakı tərəfdaşı olmaq niyyətini bəyan edir. “Parlamentimizin gündəliyində sorğunun təsdiq edilməsi duracaq. Müzakirələr zamanı parlament bütün nüansları nəzərə alacaq. İsveçdən gözləntilərimiz açıq-aydındır. Biz Stokholm tərəfindən terrorçuların bizə verilməsini gözləyirik. Lakin bu məsələdə irəliləyiş yoxdur”, – deyə nazir vurğulayıb.

ƏvvəlkiCeyhun Bayramov Ermənistanın bölgədə artan hərbi-siyasi təxribatları barədə Toivo Klaarı məlumatlandırıb
NövbətiXarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələrə dair bəyanat yayıb