Güzəştli mənzillərin növbəti seçimi başa çatıb

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi və Gəncə Yaşayış Kompleksində yerləşən ümumilikdə 1189 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə iyulun 29-da saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə başa çatıb.

AZƏRTAC xəbər verir ki, mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında xüsusi karantin rejimi qaydalarına uyğun olaraq yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin Aparat rəhbəri Fərman Qurbanlı “Güzəştli mənzil” sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə mənzil seçiminin daha sürətli edilməsinin qarşısının alınması məqsədilə mənzil seçimi prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirib.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında, mənzillərin seçimi isə avqustun 3-də saat 11:00-da başlayacaq və avqustun 11-də saat 11:00-dək davam edəcək.

Qaydaya əsasən, satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.

Qeyd olunub ki, iyulun 29-da seçilmiş mənzillər barədə statistik məlumatlar ictimaiyyətə təqdim ediləcək.

ƏvvəlkiAyxan Hacızadə: “Laçındakı keçid məntəqəsinin legitimliyini heç kəs sorğulaya bilməz”
NövbətiMüəllimlərin sertifikatlaşdırılması ilə bağlı növbəti imtahanın vaxtı açıqlanıb