Görkəmli kinorejissor Vaqif Mustafayevin 70 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi keçirilib

Avqustun 28-də Nizami Kino Mərkəzində milli kinematoqrafiyamızda dəst-xətti ilə seçilən görkəmli rejissor, ssenarist, Xalq artisti, Dövlət mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, professor Vaqif Mustafayevin 70 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə keçirilən yubiley mərasimində dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vaqif Mustafayevin Ümummilli Lider Heydər Əliyev ilə bağlı filmlərindən kadrlar nümayiş olunub.

Sonra dünyanın tanınmış kino və incəsənət xadimlərinin yubilyara təbrik videomüraciətləri təqdim edilib.

Rusiyanın Xalq artisti, “Oskar” mükafatı laureatı, məşhur kinorejissor və aktyor Nikita Mixalkov, Rustaveli adına Tbilisi Dövlət Akademik Teatrının məşhur aktyoru, Gürcüstanın Xalq artisti Aftandil Maxaradze, rejissor Timur Babluani, İrakli Kvirikadze, rusiyalı aktyor Viktor Suxorukov və başqalarının təbriki səsləndirilib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova mərasimdə çıxış edərək, Vaqif Mustafayevə təbriklərini və xoş arzularını çatdırıb.

Nazir müavini Xalq artisti, kinorejissor Vaqif Mustafayevin Azərbaycan mədəniyyətinin inkişafında və dünyaya tanıdılmasında xidmətlərini xüsusi qeyd edərək, onun məhsuldar yaradıcılıq yolu barədə məlumat verib. Bildirib ki, 1953-cü ildə Bakıda anadan olan Xalq artisti Vaqif Mustafayev yaradıcılığının ilk illərində “Mozalan” kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib. Onun quruluş verdiyi “Bəyin oğurlanması”, “Yaramaz”, “Nakəs”, “Fransız”, “Milli bomba”, “Hər şey yaxşılığa doğru”, habelə ssenari müəllifi olduğu “Fəryad” və digər filmləri böyük tamaşaçı rəğbəti qazanıb. Rejissorun parlaq yaradıcılıq nümunələri bir sıra beynəlxalq festivalda mükafatlar qazanıb. Vaqif Mustafayev Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş 12 sənədli filmin müəllifidir. Bu ekran əsərlərindən üçü – “Əsl məhəbbət haqqında”, “Bir həsədin tarixi” və “Xüsusi təyinat” filmləri Moskvada keçirilən Avrasiya Teleforumunun Qran-Pri mükafatına layiq görülüb. 2018-ci ildə Xocalı faciəsinə həsr olunmuş “Dərdimi çəkirəm” sənədli filmini çəkən Vaqif Mustafayev 2022-ci ildə “Həyat, deyəsən, gözəldir” bədii və “Fikrət Əmirov” bədii-sənədli filmlərini ərsəyə gətirib. O, “Həyat, deyəsən, gözəldir” filminə görə Türkiyədə keçirilən “Korkut Ata” Beynəlxalq Film Festivalında “Türk dünyasının ən yaxşı rejissoru” adına layiq görülüb. Vaqif Mustafayevin milli kinomuzun qarşısındakı xidmətləri həm Ulu Öndər Heydər Əliyev, həmçinin Prezident İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Xalq artisti Şəfiqə Məmmədova rejissor Vaqif Mustafayevi bu gözəl gün münasibətilə təbrik edərək, ona gələcək yaradıcılığında uğurlar arzulayıb. O deyib: “Əsl yaradıcı insanlar üçün yaş amili o qədər də vacib olmur. Çünki dünyanın ən dahi yaradıcı insanları məhz ömürlərinin ən müdrik vaxtlarında yaradıblar və dünyaya mükəmməl yaradıcılıq nümunələri bəxş ediblər. Vaqif ömrünü çox mənalı yaşayıb və yaradıb, eləcə də bu gün milli kinomuzda öz dəst-xətti olan böyük simalardandır. O, həmçinin çox cəsarətli insandır. Vaqifi heç bir çətinlik məqsədindən döndərə bilməzdi və belə də oldu. Təsadüfi deyil ki, o, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən gözəl film çəkmək qərarına gəldi. Bu, çox çətin, eyni zamanda, məsuliyyətli iş idi. Vaqif Mustafayev bu məsuliyyətli işin öhdəsindən peşəkarlıqla gəldi. Bu filmi ilə Vaqif milli sənədli film janrına yeni nəfəs gətirmiş oldu. Onun bu ekran əsəri çox böyük mükafatlara layiq görüldü”.

Avrasiya Kino və Televiziya Akademiyasının prezidenti Valeri Ruzin yubiley mərasimində iştirakından məmnunluğunu bildirərək deyib: “Bu gün Azərbaycan kinosunun ən önəmli simalarından birinin yubiley tədbirinə yığışmışıq. Bu, bizim üçün də çox xoş bir hadisədir. Vaqif Mustafayev bir çox gözəl filmlər yaradıb. Onları sadalamaqla bitməz. Lakin onun ən uğurlu işlərindən biri də ölkə rəhbəri haqqında çəkdiyi film olub. Bu işin öhdəsindən hər rejissor gələ bilməzdi, Vaqif bunu bacardı və film çox uğurlu alındı. Bir daha təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirəm”.

Gürcüstanın Xalq artisti Avtandil Maxaradze görkəmli rejissoru yubileyi münasibətilə tədbir edərək deyib: “Bu gün çox xoşbəxtəm. Çünki sevdiyim ölkədə çox sevdiyim qardaşımın, böyük istedada sahib insanın yubiley mərasimində iştirak edirəm. Bu, mənim üçün də xoş hadisədir. Biz Vaqiflə illərin dostuyuq və 33 il birlikdə çalışaraq yaradıcılıq mübadiləsi etmişik. Mən onun 5 filmində rol almışam. Həmin filmlərin üçündə baş rollara çəkilmişəm. Xoşbəxt aktyoram ki, Vaqif Mustafayev kimi böyük rejissorla işləmək imkanım olub. O, böyük yaradıcı insan, gözəl şəxsiyyət və ən üstün zirvələrə layiq dostdur. Bir daha ürəkdən təbrik edirəm”.

Vaqif Mustafayev mərasimdə çıxış edərək, yaradıcılığına göstərilən yüksək diqqətə, fəaliyyətinə verilən ali qiymətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, həmçinin tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Sonda görkəmli rejissorun məşhur “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunub.

Filmin nümayişdən sonra Vaqif Mustafayev ekran əsərinin yaradıcı kollektivini tamaşaçılara təqdim edib.

Xatırladaq ki, Prezident İlham Əliyev bu gün Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Mustafayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

ƏvvəlkiLaçın sərhəd-keçid məntəqəsində saxlanılan erməni futbolçular həbs edilib
NövbətiYevlaxda yük avtomobili minik maşınına çırpılıb, xəsarət alanlar var