Bakıda Yaponiya mədəniyyəti, ənənəvi yapon şir rəqsi – “Şişimai” təqdim edilib

Yaponiyanın Azərbaycandakı səfirliyi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yapon mədəniyyəti və “Şişimai”- ənənəvi yapon şir rəqsi” tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada ölkəsində festivallar zamanı ifa olunan məşhur şir rəqsi və ifaçı haqqında qonaqlara maraqlı məlumatlar verib. Bu cür tədbirlərin keçirilməsinin Azərbaycanda Yaponiyaya və yapon mədəniyyətinə olan marağın daha da artmasına imkan verəcəyinə inandığını bildirib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında tədbirin əhəmiyyəti və ikitərəfli əlaqələr haqqında danışıb.

Bildirilib ki, şişimai uzun tarixə malik və yapon festivalları zamanı ifa edilən ənənəvi rəqs növü olub, şirin hərəkətlərinin təqlidi və onun enerjisinin ötürülməsini özündə ehtiva edən unikal rəqsdir. Yaponiyanın bir çox regionlarında geniş yayılmış bu rəqs əsasən festivallar zamanı ifa olunur. Xüsusilə payızda məhsulun bol olmasına dua etmək, onu qeyd etmək üçün qədimdən bəri ifa olunduğu söylənilir.

İfaçı Kaiden Masanori artıq 25 ilə yaxındır ki, ənənəvi yapon rəqsini və festival adət-ənənələrini Yaponiya və dünyanın bir çox ölkələrində təbliğ edir. İndiyədək Böyük Britaniya, Gürcüstan, Rusiya, Koreya, Qırğızıstan, Qazaxıstan, Tacikistan və digər ölkələrdə konsert proqramları ilə çıxış edən Kaiden Masanori çoxsaylı insana yapon mədəniyyətinin, xüsusilə yapon festival mədəniyyətinin tanıdılması istiqamətində müxtəlif addımlar atıb.

Tədbirdə Şişimai rəqsindən başqa, yapon mədəniyyəti, festivalları, digər ənənəvi festival rəqsləri haqqında da maraqlı məlumatlar verilib, bir sıra yapon rəqsləri nümayiş olunub.

Əvvəlkiİrina Zaretska növbəti dəfə dünya çempionu olub
NövbətiLənkəranda kulinariya festivalı – “Bir Cənub şəhərində”