Bakıda Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi mövzusunda tədbir keçirilib

Oktyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarın önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi anılıb, məzarı önünə tər güllər düzülüb.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Açılış nitqi ilə çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, çoxəsrlik dövlətçilik tarixinin ən şanlı və şərəfli dövrünü yaşayan qalib Azərbaycan bənzərsiz uğurlara imza atır, yeni reallıqlar formalaşdıraraq öz qüdrətini artırır. “Şərqdə ilk demokratik respublika yaratmış və 32 il əvvəl öz müstəqilliyini bərpa etmiş Azərbaycanın regionun liderinə və qalib ölkəyə çevrilməsi, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması məhz Heydər Əliyev siyasəti sayəsində mümkün olub. Anadan olmasının 100-cü ildönümünü dərin ehtiramla və böyük minnətdarlıqla qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərində – müstəqilliyin itirilməsi təhlükəsinin mövcud olduğu olduqca mürəkkəb şəraitdə xalqın qətiyyətli dəstəyi və öz liderlik keyfiyyətləri ilə Azərbaycanı tənəzzüldən xilas edərək sabitlik və inkişaf yoluna çıxarmış, məqsədyönlü və uzaqgörən siyasəti ilə respublikamızın gələcək inkişaf yolunu müəyyən edib”, – deyə o qeyd edib.

YAP Sədrinin müavini vurğulayıb ki, Ulu Öndərin Azərbaycanın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən biri tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun gənclər siyasətinin həyata keçirilməsidir. Ulu Öndər gənclər siyasəti sahəsində önəmli qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla bugünkü – müasir, qüdrətli və qalib Azərbaycanın sağlam bünövrəsini yaradıb.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, Heydər Əliyev siyasətini uğurla davam etdirərək son 20 ildə Azərbaycana tarixi nailiyyətlər qazandıran, ölkəmizin iqtisadi potensialının, hərbi-strateji qüdrətinin, beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artmasına, ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasına nail olan Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi kursunda mütərəqqi düşüncəli, intellektual, möhkəm əqidəli və zəngin mənəviyyatlı Azərbaycan gəncliyinin formalaşması hər zaman xüsusi yer tutub.

Tahir Budaqov diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin birinci müavini Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi əsasında həyata keçirilən layihələr, görülən işlər də fiziki və mənəvi cəhətdən sağlam gəncliyin formalaşmasına xidmət edir. Ümummilli Liderin xalqımıza siyasi mirası olan və ümumxalq rəğbətini qazanaraq qələbələr partiyasına çevrilən Yeni Azərbaycan Partiyası da öz fəaliyyətində gənclərin potensialından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, bu gün YAP sıralarına yeni qoşulanların mütləq əksəriyyəti məhz gənclərdən ibarətdir. Qürurlu, şərəfli və vətənpərvər Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük fədakarlıq və rəşadət nümayiş etdirməklə tarix yazıb.

Sonra çıxış edən YAP İdarə Heyətinin üzvü, ADNSU-nun rektor əvəzi Vazeh Əskərov bildirib ki, istər sovet dövründə, istərsə də Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ənənəsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. O qeyd edib ki, Ulu Öndərin dövlətçilik fəaliyyətində təhsilə diqqət də xüsusi yer tutub.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev son 20 ildə qarşıya qoyduğu bütün strateji hədəflərə nail olub.

YAP İdarə Heyətinin üzvü bildirib ki, “Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq” deyən Prezident İlham Əliyevin xalqın dəstəyi ilə işğalçılara qarşı bütün cəbhələrdə qətiyyətli mübarizəsi real nəticəsini verdi. İkinci Qarabağ müharibəsi zamanı Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı, tarixə əbədi həkk olundu.

Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev diqqətə çatdırıb ki, müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında, dünya birliyində layiqli yer tutmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Bu dahi şəxsiyyət ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisini təmin edib, gələcək inkişaf üçün güclü təməl yaradıb. Ümummilli Lider hər zaman gənclərə diqqət və qayğı ilə yanaşıb, gənclər siyasətinin inkişafı ilə bağlı tarixi qərarlar qəbul edib.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən nazir qeyd edib ki, ölkəmizdə gənclər siyasəti və təhsilin inkişafı ilə bağlı çoxsaylı proqram və layihələr həyata keçirilib, yeni strategiya və konsepsiyalar qəbul edilib. İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sahəsində əhəmiyyətli addımlar atılıb.

Onun sözlərinə görə, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na dünyanın aparıcı universitetləri ilə birgə informasiya texnologiyaları, kompüter elmləri, mühəndislik, biotexnologiya, təhsil və insan kapitalının inkişafı sahələri üzrə 5 beynəlxalq ikili diplom proqramına başlanıb. Həmin proqramlar çərçivəsində ümumilikdə 1004 tələbə təhsil almaq hüququ qazanıb. Eyni zamanda, Proqram çərçivəsində 251 doktorant dünyanın aparıcı universitetlərində və elmi mərkəzlərində təhsil almaq hüququ əldə edib. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşımızın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub. Ötən 2 il ərzində 717 nəfər təqaüd almaq hüququ qazanıb. Bununla yanaşı, 2003-2023-cü illərdə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 4118 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

E.Əmrullayev deyib ki, Birinci vitse-prezident Mehriban Əliyeva, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə elm, təhsil, mədəniyyət və gənclər siyasətinin inkişafına, milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin qorunub saxlanılması və təbliğinə böyük töhfələr verib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında deyib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə ətraf mühit məsələləri həmişə xüsusi diqqət mərkəzində olub. Heydər Əliyevin uzaqgörən siyasəti, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən etdiyi prioritetlər bu gün həyata keçirilən mühüm tədbirlər, o cümlədən gənc mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradıb. Onun sözlərinə görə, bu gün dünyanın üzləşdiyi çağırışlar qarşısında daha dayanıqlı gələcək qurmaq üçün baş vermiş və gözlənilən dəyişmələrə uyğunlaşmaq vacibdir. İstiqamət isə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əksini tapır. Sənədə əsasən beşinci prioritet təmiz ətraf mühit və yaşıl artım ölkəsi ilə bağlıdır.

Nazir qeyd edib ki, Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf gənclər üçün yeni imkanlar açır. Gənclərin ekoloji məsələlərlə bağlı proseslərə cəlb edilməsi onların ətraf mühitin mühafizəsində növbəti nəslin liderlərinə çevrilməsi ilə nəticələnməlidir. Bildiyiniz kimi, iqlim dəyişmələri fəsadları bütün dünyada olduğu kimi, Azərbaycanda da müşahidə olunmaqdadır. Bir tərəfdən quraqlıq və su çatışmazlığı, digər tərəfdən sel-daşqınlar ölkə iqtisadiyyatına və əhaliyə təsir göstərir. Buna görə iqlim dəyişmələri ilə bağlı mənfi təsirləri yumşaltmaq, bəzi hallarda uyğunlaşma yolu ilə hətta faydalanmaq istiqamətində yeni kreativ yanaşmaların tətbiqi zamanıdır. Bu gün tərəfimizdən rəqəmsal texnoloji həllərdən və coğrafi informasiya sistemlərindən aktiv şəkildə istifadə olunur. Bütün bu texnoloji həllər gənc mütəxəssislərimiz tərəfindən hazırlanır və tətbiq edilir. Sevindirici haldır ki, bu il gənclərdən ibarət komandamız tərəfindən yenilikçi veb-texnologiyalar əsasında yaradılan “Yaşıl Gələcək” platforması uğurlu korporativ sosial məsuliyyət müstəvisinə çevrilə bilib. Ağac əkilməsi üçün ianə edib, sertifikat əldə edə biləcəyiniz bu platforma çərçivəsində tərəfdaşlıq etdiyimiz qurumlar və fərdi istifadəçilər tərəfindən artıq 50 minə yaxın ağac əkilib”.

Konfransda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev gənclərə daim böyük inam və etimad hissi ilə yanaşıb. Ulu Öndər istər Azərbaycana ilk rəhbərliyi, istərsə də ikinci dəfə hakimiyyəti dövründə gənclərin təhsili və inkişafı, onların potensialından səmərəli istifadə istiqamətində mühüm addımlar atıb. Ulu Öndər 1998-ci ildə çıxışlarının birində ümidvar olduğunu bildirib ki, Azərbaycan qadınları Azərbaycan Ordusunu daha da gücləndirmək və qüdrətli etmək üçün vətən yolunda həlak olmağa hazır övladlar böyüdəcəklər. Həmin gənclik Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişdi və onun komandanlığı altında işğal altında olan torpaqlarımızı azad, suverenliyimizi bərpa etdi.

Rəşad Nəbiyevin sözlərinə görə, artıq Azərbaycanda yeni mərhələ başlayıb. Bu mərhələ Böyük Qayıdış və bərpa-quruculuq dövrüdür. Bu gün quruculuq prosesi yalnız işğaldan azad olunmuş ərazilərimizdə apardığımız işləri əhatə etmir. Bizim qarşımızda həm də innovativ cəmiyyət qurmaq hədəfi var. Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əksini tapıb.

Nazir deyib ki, Azərbaycanda gedən quruculuq prosesinin – istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də innovativ cəmiyyət yaradılması istiqamətində aparılan işlərin əsasında gənclər dayanır. Sürətlə dəyişən qlobal trendləri izləyərkən görürük ki, gənclərin çeviklik və uyğunlaşma bacarığının inkişaf etdirilməsi vacib amillərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında dünyanın dördüncü sənaye inqilabı dövründə yaşadığını bildirib: “Belə bir dövrdə bizim üzərimizə düşən əsas vəzifə transformasiya ərəfəsində ölkəmizin inkişafını təmin etməkdir. İnnovasiyalar və müasir texnologiyalar sahələrində Azərbaycan heç də digər ölkələrdən geri qalmır. Ulu Öndər Heydər Əliyev 1998-ci ildə – bu gün bizim istifadə etdiyimiz texnologiyaların mövcud olmadığı zaman – Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı strategiya müəyyənləşdirib. Bundan sonra imzalanan fərman və sərəncamlar da onu göstərir ki, Azərbaycanda hələ müstəqilliyinin ilk illərində, Ulu Öndərin hakimiyyəti dövründə innovasiyaların, müasir texnologiyalarının inkişafı istiqamətində ciddi, ardıcıl dövlət siyasəti həyata keçirilib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz mühüm nailiyyətlər qazanır”.

ADNSU-nun doktorantı Nuranə Abdullayeva Azərbaycan gəncliyinin qarşıya qoyulan vəzifələri yerinə yetirməyə, onlara göstərilən etimadı hər zaman doğrultmağa çalışdığını deyib. O qeyd edib ki, gənclik hər bir ölkənin gələcəyinin təməlidir.

ADNSU-nun 3-cü kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının Sədri Cavanşir Abdullayev isə çıxışında bildirib ki, gənclərin daim inkişaf etməsi və cəmiyyət həyatında öz layiqli yerini tutması məhz Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin inamla davam etdirdiyi gənclər siyasətinin nəticəsidir.

Sonra “Heydər Əliyev – 100: Mühəndislik hakatonu” intellektual yarışının qalibləri – Nəqliyyat və Logistika istiqaməti üzrə “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 2”, Ekologiya və Ətraf mühit istiqaməti üzrə “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 3”, İnnovasiya və Texnologiya istiqaməti üzrə “Bakı Ali Neft Məktəbi -1” komandaları mükafatlandırılıb.

Tədbir bədii hissə ilə yekunlaşıb.

ƏvvəlkiŞəki şəhər Səməd Vurğun adına folklor evində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə keçirilib
NövbətiHikmət Hacıyev mina partlayışı nəticəsində ölən ayı balasının görüntülərini paylaşıb