Dərbənd azərbaycanlıları Beynəlxalq Ana Dili Gününü qeyd ediblər

Dərbənddəki Heydər Əliyev Mərkəzində şəhərin yaradıcı ziyalılarının iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Dərbənd şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacəliyev açaraq öz xalqının nitq mədəniyyətinə və adət-ənənələrinə hörmət hissinin aşılanmasında, ümumbəşəri dəyərlərə yiyələnməyin vacibliyində ana dilinin insanın və cəmiyyətin həyatındakı rolunu qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktoru Qurban Qurbanov isə çıxışında müasir şərtlər çərçivəsində şəxsiyyətin formalaşmasında dil və nitq markerlərinin olduqca mühüm rol oynadığını bildirib.

Azərbaycan Dram Teatrının müəllimləri, tələbələri, artistləri Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-musiqi proqramı hazırlayıblar, mahnılar ifa ediblər, Azərbaycan şairlərinin şeirlərini səsləndiriblər.

Konsert nömrələri qonaqların, o cümlədən Dağıstan Respublikası (DR) İctimai Palatasının Komissiyasının sədri, DR rəhbəri yanında Ağsaqqallar Şurasının Rəyasət Heyətinin üzvü Kahriman Aşurov, Dərbənd Rayon Administrasiyası Rəhbərinin köməkçisi Əsədulla Paşayev, Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov, İctimai Palatanın eksperti Susanna Mirzaxanova, Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin Beynəlxalq münasibətlər üzrə sədr müavini Fazil Nametov və başqalarının çıxışları ilə davam edib.

Ana dilinin tədrisində fərqlənmiş müəllimlərə, qiraət müsabiqələrində mükafat qazanmış uşaqlara Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti adından təşəkkür məktubları və hədiyyələr təqdim olunub.

ƏvvəlkiBu il 5 yeni peşə ixtisasının qiymətləndirmə və tanınması həyata keçiriləcək
NövbətiMilli Kitabxana Beynəlxalq Ana Dili Günü münasibətilə sərgi hazırlayıb