Azərbaycanın veteran cüdoçuları Avropa çempionu oldular

İyunun 11-də Sloveniyanın Podçetrtek şəhərində usta cüdoçular arasında Avropa çempionatının komanda yarışları keçirilib. Azərbaycan komandası 30 yaşa qədər kişilər arasında birinci yeri tutub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Bildirilib ki, Azərbaycan yığması ilk görüşdə və yarımfinalda Fransa komandalarını məğlub edərək finala yüksəlib. Finalda Azərbaycan yığması Belçikaya 3:1 hesabı ilə qalib gələrək çempionatın kubokunu və qızıl medallarını qazanıb.

Komandanın baş məşqçisi, veteranlar arasında 9 qat Avropa çempionu Fərhad Rəcəbli komanda və oğlunu çalışdırması ilə bağlı hisslərini Avropa Cüdo Birliyinin rəsmi saytına verdiyi müsahibəsində belə ifadə edib: “Əvvəl məqsəd sadəcə medal qazanmaq idi, lakin yarış başladıqda anladım ki, biz qızıl medal qazana bilərik və bunu bacardıq. Buna görə özümü inanılmaz dərəcədə xoşbəxt hiss edirəm. Biz ildə iki böyük çempionatda – Avropa və dünya çempionatında iştirak edirik. Bu mənim üçün böyük zövqdür. Azərbaycanda veteran komandamız var və birlikdə məşq edirik, buna görə də güclü ruh var. O ki qaldı oğluma, mənə bu səfəri onunla birlikdə keçirmək xoş olsa da, yarışlarda olduğumuz zaman onunla digər cüdoçular arasında fərq qoymuram, mənim üçün hamısı eynidir”.

Xatırladaq ki, idmançılarımız fərdi yarışlarda ümumilikdə 4 qızıl, 2 gümüş və 5 bürünc medal əldə edib.

ƏvvəlkiSabah dumanlı hava ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
NövbətiƏrdoğan iyunun 13-də Azərbaycana səfər edəcək