Azərbaycan taekvondoçusu Avropa çempionu olub

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Avropa çempionu tituluna sahib olub. 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı Estoniyanın paytaxtı Tallində olimpiya çəki dərəcələri üzrə keçirilən qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

“Report” xəbər verir ki, ilk mərhələdən azad olan 24 yaşlı taekvondçu mübarizəyə 1/8 finaldan qoşulub. O, ilk görüşdə danimarkalı Riski Farnesi məğlub edib. Maqomedov ardınca Xristiyan Giorgiyevə (Bolqarıstan) eyni aqibəti yaşadıb.

Taekvondoçumuz yarımfinalda Lev Korneyev (Serbiya) üzərində də inamlı qələbə qazanıb. Qaşım finalda niderlandlı Amyen Açnini sınağa çəkib. Gərgin keçən döyüşdə teakvondoçumuz rəqibinə heç bir şans verməyərək Avropa çempionatının qızıl medalına yiyələnib və Tallində Azərbaycan himnini səsləndirib.

Bununla da yığmamızın olimpiya çəki dərəcələri üzrə qitə çempionatında medallarının sayı 3-ə yüksəlib. Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə yarışda qüvvəsini sınayan Maqomedovdan öncə Cavad Ağayev (68 kq) və Həmidreza Badrialiabadi (+80 kq) gümüş medala yiyələniblər.

Estoniyada keçirilən gənclərin Avropa çempionatını isə komandamız 2 medalla başa vurub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıblar.

Beləliklə, 3 gün davam edən iki Avropa çempionatını Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurublar.

ƏvvəlkiPrezident: 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir
NövbətiLaçında atəşfəşanlıq olub