Azərbaycan güləşçiləri bürünc medallar uğrunda mübarizə aparacaqlar

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatı sona yaxınlaşır.

Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasından bildirilib.

Qeyd olunub ki, bu gün daha 5 çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub.

Azərbaycan güləşçisi Sədrəddin Həsənov (51 kq) ilk görüşündə türkiyəli Kahraman Eskiyə 4:1 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlsə də, hindistanlı Rohit Rohitə uduzub – 0:4. Rəqib finala yüksəldiyi üçün Həsənov sabah təsəlliverici görüşdə amerikalı Kristian Kasiltyo ilə qarşılaşacaq.

Camal Abbasov (60 kq) isə qazaxıstanlı Yerali Jenissov (6:0), amerikalı Benjamin Davino (5:0) və türkmənistanlı Bekjan Ruslanov (10:0) üzərində inamlı qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. Abbasov yarımfinalda iranlı Səcad Pirdayehlə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məyus ayrılıb – 2:3. Camal sabah bürünc medal uğrunda güləşəcək.

Cəfər Cəfərov (45 kq) təsnifat mərhələsində Əbubəkr Gürə 8:9 hesabı ilə məğlub olub.

İsmayıl Rəhimli (71 kq) monqolustanlı Bilguundalay Purevdaqvaya tam üstünlüklə (10:0) qalib gəlsə də, dörddəbir finalda rusiyalı İslam Kajarova uduzub (0:4).

Səid Paşayev (92 kq) isə səkkizdəbir finalda yaponiyalı Genki Hokiyə müqavimət göstərə bilməyib – 3:14.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib
NövbətiBakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb