XALQIN RƏSSAMI…

Onunla nə az, nə azacıq düz 12 il əvvəl Azərbaycan Diaspor Komitəsində tanış olmuşduq və o zaman ayaq üstə, qısa bir müsahibə götürmüşdüm. Bu yaxınlarda isə facebook sosial şəbəkəsində təsadüfən rastlaşdıq və mənə yazıb qəzetimizi əldə etmək istədiyini bildirəndə gözlərimə inanmadım. “İki aya yaxınıdr ki, Bakıdayam. Bir həftəyə gedirəm – deyəndə artıq görüşümüzün vaxtını bəlli etdik. Bizi – Pərviz Elayla məni səhəri gün möhtəşəm Ev-Muzeyinə dəvət etdi. Vaxtının məhdud olmasına, çoxlu sayda dəvətlətə baxmayaraq,  həyat yoldaşı Regina xanımla bizi şəhərin mərkəzində gözləyirdi. Görüşdük və elə oradaca taksiyə əyləşib bizi evinə apardı. Bizə xeyli vaxt ayırdı – 5 saata yaxın olan söhbətdən doyduq desəm, yalançı olaram. Dünyanı gəzmiş, bir çox ölkələrdə Azərbaycan adına sərgilər keçirmiş, məşhur Səttar Bəhlulzadənin yetirməsi olmuş Əşrəf Heybətovun qıvraq, cəld hərəkətləri onun gənc ruhundan xəbər verirdi.

O, Azərbaycanın Xalq Rəssamı, YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq “Sülh səfiri”, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, “Dünya xalqları incəsənəti” Beynəlxalq Assosiasiyasının mükafatı laureatı, RDA beynəlxalq təşkilatının, “Azərbaycan-Almaniya” Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvü, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvü, Rusiya Federasiyası Rəssamlar İttifaqının üzvü, Almaniya Rəssamlar Bilriyinin üzvü, Rusiya Şərqşünaslıq Cəmiyyətinin üzvüdür. Çingiz Aytmatov adına Beynəlxalq Fondun Avropa ölkələri üzrə Kuratoru, Bir çox Beynəlxalq və Azərbaycan Cəmiyyətlərinin diplom və fəxri fərmanlarına layiq görülüb. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı ilə təltif olunub. Bu il mayın 27-də  Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülüb. Onun işlərinin əsas mövzusu Azərbaycanla bağlıdır. Son dövrlər ümumtürk miqyaslı mövzular onu daha cox maraqlandırır. Rəssam emosional hisslərini belə ifadə etmişdir: “Bakı Azərbaycanın ürəyi, Şuşa isə onun ruhudur”.  Hazırda Almaniyada yaşayır.

— Əşrəf müəllim, uşaqlığınızı necə xatırlayırsınız?

— 1951-ci ildə Bakıda anadan olmuşam.  1979-cu ildə Dövlət İncəsənət İnstitutunu bitirmişəm. Əslən İçərişəhərliyik. Bu, mənim çəkdiyim rəsmlərdə də özünü göstərir. 1970-ci illər idi. Mən Səttar Bəhlulzadənin emalatxanasında böyümüşəm. Mənim 20, Toğrul Nərimanbəyovun 40, S.Bəhlulzadənin isə 60 yaşı var idi. Biz İçərişəhərdə yaşayırdıq. S.Bəhlulzadə ilə ilk dəfə tanışlığımızın maraqlı tarixçəsi var. Qonşumuz İraqlı yazıçı Səlim Adnan idi. O, bir gün mənə zəng edib dedi ki, sən axşam gəl bizə, sənin sevimli rəssamın S.Bəhlulzadə bizdə olacaq. Mən çox sevindim. İçəridə Toğrul Nərimanbəyov və S.Bəhlulzadəni görəndə dilim tutuldu. Söhbətləşdik. S.Bəhlulzadə məni emalatxanasına dəvət etdi. Görüş mənə elə təsir etmişdi ki,  gecəni səhərə qədər yatmadım. O vaxtdan mən S.Bəhlulzadənin yanına gedib-gəlməyə başladım. Bizim iş günümüz çay dəmləməklə başlayırdı.

Bu zaman Əşrəf müəllimin xanımı Regina xanım söhbətə qarışır. Yarızarafatla deyir ki, o vaxtdan Əşrəf yaxşı çay dəmləyə bilir…

SƏTTAR BƏHLULZADƏ VƏFAT EDƏNDƏ ÇOX AĞLADIM…

— 66-cı ildən 1974-cü ilə kimi, yəni S.Bəhlulzadənin vəfatına qədər mən onun yanında oldum. Mən onun yanında daha çox öyrəndim, nəinki institutda. Hər gün yanına qonaq gəlirdi. Qışda qar olurdu, o vaxt Əmircana gedə bilmirdi. Bizdə qalırdı. Səttar dişlərini tez itirdikdən, yalnız həlim və sulu xörəklər yeyə bilirdi. Ona görə də anam onun üçün sıyıq bişirirdi.

Bulvarda ziyalılar yığışırdı – Nüsrət Kəsəmənli, Ramiz Rövşən və başqaları –  biz də gedib o çayxanada otururduq, söhbət edirdik. Səttar pulgir deyildi. Daim pulu olmurdu.Mənə deyirdi ki, Əşrəf,  gəl gedək çay içməyə. Mən də bilirdim ki, çaypulunu mən verməliyəm. S.Bəhlulzadəni çayxana sahibləri tanıyırdılar və ona böyük hörmətlə yanaşırdılar. Ondan pul götürmək istəmirdilər, amma Səttar istəyirdi ki, pulu artıqlaması ilə versin. Pul isə mənimki idi (Gülür). Tələbə vaxtlarım belə keçirdi. İlk dəfə rayonlara da məni o aparıb. Azərbaycan təbiəti rəssamların gözü ilə onu mən Səttarın gözü ilə baxırdım. İlk dəfə Qubaya, Şamaxıya, Qardabaniyə məni o aparıb. Onu çox bağlanmışdım. Heç atam rəhmətə gedəndə o qədər ağlamamışdım, Səttar vəfat edəndə hönkürtüylə ağlamışam. Çünki, onu atam qədər çox sevirdim.

İnstitutu bitirəndən sonra  Tahir Salahovun köməyi ilə Moskvaya getdim. Moskvada Beynəlxalq Gənclər Moda Mərkəzi var idi, çox adam ora getmək istəyirdi. Sağ olsun Tahir Salahov, məni Moskvada keçiriləcək 1980-ci il Olimpiadaya hazrılıq işlərinə saldı. Mənə Beynəlxalq Moda Mərkəzini verdilər ki, oraya bədii dekorasiya və dizayn verim və mən o işin öhdəsindən gəldim. Bunun üçün mənə komsomol mükafat da verdilər. Elə 80-ci illərdən  Moskvada qaldım.

FƏXR EDİRƏM Kİ, İLK SƏRGİM MƏHZ CƏNAB PREZİDENTİN TƏHSİL ALDIĞI UNİVERSİTETDƏ OLUB

— Mənim ilk yaradıcılıq yolum Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutundan başlayıb. Bizim prezident İlham Əliyev də orada oxuyub. Həmin institutda  mənim ilk sərgim açıldı. İnstitutun  “Mejdunarodnik” adlı qəzeti çıxırdı. Orada mənim sərgim barədə yazıldı. Və mənə Fəxri Diplom verildi. Mən Moskvada olanda çoxlu sərgilərim oldu. Daha sonra məni Bolqarıstana  2 dəfə dəvət etdilər. Orada da sərgi keçirdim. Toğrul Nərimanbəyov da Moskvaya köçəndən sonra orada biz dostluq münasibətini davam etdirdik. Orada Çingiz Hüseynov, Çingiz Aytmatovla, Yuli Qusman, Aydın İmaməliyevlə  yaxın tanışlığım oldu. Baxmayaraq ki, bizim sahələrimiz fərqli idi, amma münasibətimiz var idi. İndi Çingiz Hüseynov Yerusəlimdə yaşayır və çox böyük hörmətə malikdir.

90-cı illərdən Moskvadan Berlinə köçməyimizin əsas səbəbi Moskvanın getdikcə daha çox kriminallaşması idi. İki dəfə evimizi soydular. Küçədə cibimdən pul kisəmi çıxardılar. Gördük ki, orada yaşamaq get-gedə çətinləşir.

— Moskvada yaşadığınız illərdə neçə dəfə sərgi keçirmisiniz?

— Çox sərgim olub Moskvada. Çox fəxr edirəm ki, 1991-ci ildə Moskvada mənim sərgimə cənab Prezident İlham Əliyev gəlib. O zaman o, Moskvada yaşayırdı. Daha sonra Berlində, Almaniyada sərgilər keçirmişəm. Mənim əsas mövzum Azərbaycan folkloru, Qədim Bakı, Abşeron, Dəniz, Türk Dünyası mövzularında rəsmlərim var. Mənim sərgilərimdə həmişə səfirlər iştirak edib. Mənim üçün fəxr ediləsi hal idi ki, Türk Baş Konsulluğu və Rusiya səfiri mənim sərgimi təşkil edirdi.

Almaniya Federativ Respublikasında 16 ərazi vahidi  var və hər vahiddə də bir konsul var. Çünki orada 3 milyodan çox türk yaşayır. 16 konsuldan 8-i mənim sərgimi təşkil edib. Türk Dünyasının mifoloji təfəkküründə və fəlsəfəsində yaşayan Dədə Qorqud Ata, Yunus Emre, Sufi obrazları çox maraqlıdır və onları çəkmişəm. Oljas Süleymanov və Çingiz Aytmatovla şəxsən tanışlığım var. 1994-cü ildə C.Aytmatov Lüksemburqda mənim sərgimi açıb. Hətta həmin vaxt sərgidən sonra mətbuat konfransı da keçirdi. İlk dəfə Ankarada sərgim 1993-cü ildə keçirilib.

— Neçə ildir Almaniyadasınız?

— 23 ildir.

— Bəs bu illər ərzində hansı ölkələrdə sərgilər keçirib Azərbaycanı dünyaya tanıtmısınız?

— Çox ölkələrdə. Avropadan başqa ən yaddaqalan sərgilərim Hindistan və İordaniyada olub. Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Sanjay Rana ilə ailə dostluğumuz var. O, mənim hind mədəniyyətimin vurğunu olduğumu bilir. İki dəfə Hindistanda olmuşam. Həmin səfərin təəssüratları ilə onlarla əsər yaratmışam, Bakıda, Moskvada, Avropada sərgilərdə nümayiş etdirmişəm. Səfir Bakıdakı iqamətgahında da mənim fərdi sərgimi keçirib. Amma mən heç vaxt İngiltərədə sərgi keçirməyəcəm. Çünki, mən anqlo-sakson ölkə başçılarının Yaxın Şərqdə apardığı siyasəti qəbul etmirəm. Baxmayaraq ki, mənim anti-terror pannom ABŞ-da çox bəyənilib və Nyu-Yorkun meri Maykl Blomberq mənə dəvət məktubu yollamışdı. Həmin pannonu rəsmən ABŞ səfirinə təqdim etmişdilər. 1 aydan sonra mənə məktub gəldi ki, sizin pannonuz Nyu-Yorkda Terror Əleyhinə olan “9/11” (yəni sentyabrın 11-i) muzeyində saxlanılır.

— Əşrəf müəllim, rəssamlığın hansı janrı sizə daha çox yaxındır?

— Mən monumentalistəm. Bizim ölkədə çox istedadlı rəssamlar olsa da dar çərçivəli mövzulara üstünlük verirlər. Natürmort, gül, qadın, peyzaj… Artıq bunlardan çıxmaq lazımdır. Qlobalizmə üz tutmaq lazımdır. Terrorizmlə bağlı, kosmosla bağlı, ideya əsasında çəkilən rəsm əsərləri daha maraqlıdır. Amma qapanma ilə ifrat qlobalizm arasında “qızıl orta” tapılmalıdır. Əks halda millilik qlobalizm içində itib gedər. Etiraf edim ki, mən avanqard və modern üslubu da qəbul eləmirəm. Bax, Türk dünyası, Turan Qlobalizmi mənim xoşladığım mövzulardır. Həm də axı, mən türkologiya ilə çox maraqlanıram. Rusiya Şərqşünaslıq Cəmiyyətinin üzvüyəm və Türk Dünyasının keçmişi və bu günü — məni maraqlandıran əsas mövzulardır.

— Son dövrlərdə dünyada divarlara, binaların üzərinə böyük həcmli rəsmlər çəkilir. Siz bunu necə qəbul edirsiniz?

— Yaxşi qəbul edirəm. Amma ona fırça və fantaziya lazım deyil. Komputer proqramlarından istifadə edərək çəkirlər.

—  Siz rəssamlıqda keçdiyiniz yolu necə dətərləndirirsiniz?

— Rəssam kimi bütün “izm”ləri keçmişəm. Modernizm, impressionizm, konseptualizm, futurizm, kubizm… ən çox müraciət etdiyim janrlardan biri ekspressionizm idi… İndi yenidən realistik peyzaja qayıdıram. Bu, Səttar Bəhlulzadədən başlayaraq bir çox Azərbaycan rəssamlarının müraciət etdiyi yoldur. Ona görə də indi təbiəti seyr etmək, hətta saatlarla ona dalmaq mənə xüsusi zövq verir. Ən gözəl payız mənzərəsini ölkələrə bölməkdə çətinlik çəkirəm. Mən qlobal mövzulara üstünlük  verirəm. Amma yenə vurğulayım ki, ifrat qlobalizmçilik milli seqment üçün təhlükəlidir.

MƏN MİLLƏTÇİ RƏSSAMAM

— Məşhur Meksika rəssamı David Alfaro Sikeyros var idi. 1974-cü ildə o, Bakıya gəlmişdi. O, çox varlı rəssam idi və monumentalist idi. Onun qızı Adriana Sikeyros Moskvada bizim qonağımız oldu. O, mənə atasının albomunu hədiyyə elədi. O qadın rəqs məktəbinin rəhbəridir.  David Alfaronun bütün rəsmlərində, hətta qlobal və ümumbəşəri mövzulu əsərlərində  Meksika cizgilərini görmək mümkündür. Sərgidə onun rəsmləri öz məxsusiliyi ilə fərqlənir.

Məsələn, Türkiyənin məşhur rəssamı İbrahim Balaban haqda bəlkə də eşitməmisiniz. O da Səttar Bəhlulzadənin xəttiylə gedir. Bir az da ondan dərindir. Özü Nazim Hikmətlə Bursada bir yerdə həbsdə olub və rəssamlığı da həbsxanada öyrənib.  Xalq mövzusudur onun əsərləri. Tapmaq olmur onun əsərlərini. Mən onu səfirliyin köməyi ilə İstanbulda tapdım. Türk dünyasının əfsanəsi sayılır. O, məni İstanbuldakı balaca evinə dəvət edəndə, məəttəl qaldım. Çox sadə bir ev, küncdə balaca molbert, çox və çox sadə həyat tərzi. Heç emalatxanası da yox idi evində. O, mənim haqqımda xoş sözlər yazdı. Mən çox xoşbəxtəm ki, belə dahi rəssamla tanış olmuşam. Moskvada Aleksandr Şilovla tanış oldum. O, hələ sağdır. Kremlin qabağında onun üçün ev-muzey tikiblər. Öz işlərini Moskvaya hədiyyə edib. O, millətçi və vətənpərvər rus rəssamıdır. 2017-ci ildə vəfat etmiş İlya Qlazunov da vətənini və millətini sevən rus rəssamı olub.  Sözümün canı odur ki, hər şeydən əvvəl vətəni sevmək lazımdır, milləti sevmək lazımdır.

KOMMERSİYA RƏSSAMI DEYİLƏM

— Xarici ölkələrdəki sərgilərdə neçə işiniz alınırmı?

Az hallarda. 10 sərgi keçirirəm, 2-3 rəsm əsərim güclə satılır. Azərbaycanın Milli Muzeyində mənim sərgimi açdılar. Bütün təşkilatçılığı mən öz vəsaitimlə elədim. 100 əsər qoymuşdum, heç nə almadılar. Hətta girişdə böyük banner qoymuşdular. Sonuncu sərgim Azərbaycanda Hərbi Muzeydə keçirildi. Bütün təşkilatçılıq xərcləri mənim boynumda oldu.  Mən satış Qalereyası üçün əsər yaratmıram. Mən kommersiya  rəssamı deyiləm.

Mənim 65 illik yubileyimdə Naxçıvanda çox yüksək səviyyəli sərgim keçirildi. Ora da 50-60 əsər aparmışdım.

— Sizin Azərbaycanla bağlı Avropa ölkələrindəki sərgilərinizi Qərb adamları necə qiymətləndirir?

— Mayntsda “Avrasiyanın Ritmi” adlı böyük sərgi oldu. O sərgini Türkiyənin baş konsulu təşkiıl etmişdi. Açılışda heç kim heç nə almadı. Gördüm yaşlı  bir alman qadın əsərlərimə diqqətlə baxır, məni tapdı və “Sufi” əsərini məndən aldı. Sonradan məlum oldu ki, o qadın Kölndə Uşaq Kukla Teatrının rəhbəridir.

— Neçə rəsm əsəriniz var və harada saxlayırsınız?

— 1000-dən çox rəsm əsərim var və yarısı Berlində, yarısı Moskvadadır, yarısı Bakıdadır.

— Orada yaşayışınız necədir?

— Desəm pisdir, düz olmaz, desəm yaxşıdır, yenə düz olmaz. Hər ölkədə problem var, amma problemlərin həddi məsələsi var. Biz tez-tez səfərlər edirik deyə darıxmırıq. Tez-tez Praqaya gedirik. Mənim üçün ora Parisdən də gözəldir. Hər il Azərbaycana  gəlirəm.

ÖLKƏMƏ DƏSTƏK VERMƏK MƏNİM BORCUMDUR

— Siz, Qarabağ danışıqları ilə bağlı böyük bir tablo işləmisiz. Adı da maraqlıdır: “Nəticəsiz danışıqlar” və ya “Boş danışıqlar”.

—  Fevralda Xocalı soyqırımının 25 illiyi ilə bağlı Almaniyada böyük bir tədbir planlaşdırılırdı. Ötən il Azərbaycan-Avropa Cəmiyyətinin təmsilçiləri məndən Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda 3-4 əsər işləməyimi istədirlər. Onlar Almaniya dərgilərindən birində mənim Xocalı haqqında pannomu görmüşdülər. Həmin pannonu mən 2 il öncə İstiqlal Muzeyinə bağışlamışam. Təbii, mən bu təklifdən imtina edə bilməzdim, ölkəmə bu məsələdə dəstək vermək mənim borcumdur. Beləliklə, başladım Xocalı mövzusunu yenidən işləməyə. Məsələyə o qədər içdən yanaşdım ki, 4 yox, düz 25 əsər işlədim. Hamısı da böyük formatda. Avropa Azərbaycan Cəmiyyəti belə miqyası görüb sərgi keçirməyi qərara aldı. Xocalı faciəsinin 25 illiyində Almaniya ictimaiyyətinin böyük diqqətinə səbəb olan tədbir və sərgi keçirildi. Berlinin ən bahalı rəsm qalereyalarından biri olan Şults Qalereyasında günlərlə mənim Qarabağla bağlı əsərlərim sərgiləndi. Əsas hədəfimiz Almaniya ictimaiyyətinin diqqətini cəlb etmək idi. Çünki biz azərbaycanlılar öz ölkəmizin problemlərindən xəbərdarıq, Beynəlxalq dəstək almaq üçün biz önəmli ölkələrin diqqətini çəkəcək addımlar atmalıyıq.

— Azərbaycanın hər yerini gəzmisinizmi?

— Xeyr. Zaqatalada, Masallıda, Qaxda, İsmayıllıda, Xızıda, Şəkidə, Quba və Qusarda olmuşam və həmin rayonların Heydər Əliyev Mərkəzində ictimaiyyətlə görüş keçirilib. Azərbaycan çox gözəldir. Mənim barəmdə 42 dəqiqəlik film var “Evə gedən yol” adlanır. Ən çox Naxçıvanda keçirilmiş mənim 60 illik yubileyimi qeyd etmək istərdim. Bu tədbirdən çox təsirlənmişdim. Deməli, Vətən və Millət üçün nə isə iş görmüşəm ki, bu cür sayğıya layiq oldum.

— Xaricdə yaşayan azərbaycanlı kimi bizim diasporun fəaliyyətini necə qiymətləndirirsiniz?

— Almaniyada “Azərbaycan Evi” fəaliyyət göstərir. Diasporumuz güclü olmasa da, amma var. Amma orada yaşayan bəzi azərbaycanlıların Azərbaycan barədə xoşagəlməz tədbirlər keçirməsi yaxşı hal deyil. Bu, yalnız erməniləri sevindirir. Mən bunun əleyhinəyəm. Sənin öz ölkəndə  problemin məmurlarla ola bilər. Bu, o demək deyil ki, sən xaricdə öz ölkəni gözdən salan hərəkətlər edəsən.

Orada türklərin çox yaxşı diaspor təşkilatları var. Mən diaspor sahəsi ilə bağlı yeni bir layihə hazırlayıb Azərbaycan Diaspor Komitəsinə təqdim etmişəm və qəbul da olunub. Almaniyada Azərbaycan səfirliyinin yeni binası açılacaq və o binada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərəcək. Azərbaycan Evlərinin fəallaşması da gözlənilir. Vyanada təzəlikcə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Çox maraqlı yerdir. Almaniyada xeyli azərbaycanlı tələbə də var.

Bizim işimiz — Vətəni təbliğ etməkdir. Düzdür, Azərbaycanda problemlər var, amma dünyanın bütün ölkələrində müxtəlif problemlər var. Amma o problemləri öz aramızda həll etməliyik. Almaniyada türk diasporu ilə çox gözəl münasibətlərimiz var.  Millətçilik dildə deyil, qanda olmalıdır. Milli ruh hamıda olmalıdır. Çünki bütün başqa millətlərdə də bu var.

— Başqa diaspor təşkilatları ilə münasibətlər necədir?

— Bizim orada Türkiyə, İsrail, Ukrayna, Rusiya və Qazaxıstsan diasporu ilə çox sıx münasibətlərimiz var. Orada türk diasporu ermənilərə göz açmağa imkan vermir.

— Sonuncu olaraq, ürəyinizdə qalan sual varmı?

— Yaradıcılığın kökü ilə bağlı demək istəyirəm. Yaradıclığın kökü sevgidir. Insan vətəninini sevməlidir, təhsilli olmalıdır, tarixini bilməlidir. Çünki, Vətən sevgisi əbədidir. Yaşamağın və yaratmağın kökündə sevgi durur — valideynlərə sevgi, qadına sevgi, Vətənə sevgi, Millətə sevgi…

Pərviz Elay

Sevda Elay Əsgərova

“MİLLƏTÇİLİK” qəzeti

      

Əvvəlkiressam_0
Növbətiİndoneziya təyyarə qəzası