Türkiyə Prezidenti ilə Almaniya Kansleri mediaya birgə açıqlama veriblər

Berlində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şolts ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdən sonra Türkiyə Prezidenti ilə Almaniya Kansleri mediaya birgə açıqlama veriblər.

Görüş zamanı ikitərəfli münasibətlərlə yanaşı, İsrail-Fələstin qarşıdurmasının da müzakirə olunduğunu deyən Türkiyə Prezidenti ölkəsi ilə Almaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın maneəsiz həyata keçirilməsinin hər iki dövlətin maraq dairəsində olduğunu deyib.

Yaxın Şərqdə baş verən son hadisələrə toxunan Ərdoğan hazırda hər kəsin prioritetinin atəşkəs və humanitar yardımın maneəsiz axınını təmin etmək olduğunu söyləyib.

Türkiyə Prezidenti bölgədə qalıcı atəşkəsin təmin olunması üçün ölkələri bu məsələdə həmrəyliyə səsləyib.

Çıxışı zamanı Rusiya-Ukrayna qarşıdurmasına toxunan Almaniya Kansleri Türkiyənin Ukraynadan taxıl ixracında konstruktiv və mühüm rol oynadığını ifadə edərək, Prezident Ərdoğana bu istiqamətdə şəxsi töhfəsinə görə təşəkkürünü bildirib.

ƏvvəlkiBeynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-sini rədd edib
NövbətiBMT BM: Azərbaycan Qarabağ ermənilərinin geri qayıtma azadlığını təmin edəcək