Qətər son 6 ildə ilk dəfə BƏƏ-yə səfir təyin edib

Qətər əmiri Sultan bin Səlmin əl-Mənsurini Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yeni səfir təyin edib.

“Report” xəbər verir ki, bu barədə müvafiq sərəncam əmir Təmim bin Həməd Al Taninin ofisinin saytında dərc olunub.

“Sultan bin Səlmin əl-Mənsuri BƏƏ-də fövqəladə və səlahiyyətli səfir təyin edilsin”, – sənəddə deyilir. Sərəncam dərc edildiyi gündən qüvvəyə minir. Qətər hakimiyyəti 2017-ci ildə Doha ilə Əbu-Dabi arasında diplomatik münasibətlərin kəsilməsindən sonra ilk dəfə BƏƏ-yə səfir təyin etmək qərarına gəlib.

Qeyd edək ki, Qətərin BƏƏ-dəki yeni nümayəndəsi Əl-Mənsuri 2014-2019-cu illərdə ölkənin Çindəki səfiri olub və 2019-2023-cü illərdə Avstriyada dövlətinin maraqlarını təmsil edib.

Xatırladaq ki, 2017-ci ilin iyununda Bəhreyn, Misir, Yəmən, Liviya, BƏƏ və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik əlaqələri kəsib. Bu qərarın əsas səbəbi Qətərin sabitliyi pozan rolu, həmçinin əmirliyin ekstremist ideologiyaya və regionda fəaliyyət göstərən qruplaşmalara dəstək verməsi göstərilib. Dohada bu iddialar əsassız adlandırılıb.

2021-ci ilin yanvarında ərəb monarxiyaları və Misir Kəngər Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının sammitində Qətərlə bütün fikir ayrılıqlarına son qoymaq, onunla tam diplomatik münasibətləri bərpa etmək, həmçinin nəqliyyat blokadasını aradan qaldırmaq haqqında saziş imzalayıblar. Ancaq toplantıdan sonra ölkələrin heç də hamısı Doha ilə münasibətləri normallaşdırmağa razılaşıb.

BƏƏ diplomatik əlaqələrin bərpa olunduğunu və səfirliklərin, eləcə də Qətərin Dubaydakı konsulluğunun işinin bərpasını yalnız 19 iyun 2023-cü ildə elan edib.

ƏvvəlkiBu gün DİM IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir
NövbətiRomada qanunsuz miqrasiyaya həsr olunmuş beynəlxalq konfrans keçirilir