Azərbaycan Prezidenti İlham Əliyev Syerra-Leonenin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Syerra-Leone Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Səfir ilk növbədə Syerra-Leone Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Syerra-Leonenin dövlət başçısına çatdırmağı xahiş etdi.

Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycanın yaxın günlərdə Qoşulmama Hərəkatına sədrliyinin başa çatacağını deyən dövlətimizin başçısı Hərəkat çərçivəsində Syerra-Leoneyə üzv ölkə olaraq göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev ölkəmizin Hərəkata sədrliyinin başa çatmasından sonrakı dövrdə də bu təşkilat çərçivəsində Azərbaycan ilə Syerra-Leonenin əməkdaşlıq edəcəyinə ümidvar olduğunu dedi.

Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında çox maraqlı olduğunu deyən səfir Syerra-Leonenin eboladan əziyyət çəkən zaman Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirdi. O, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı. Səfir Azərbaycan və Syerra-Leonenin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək dəyərləndirdi.

Alie Badara Kamara Azərbaycan rəsmiləri ilə görüşlər keçirməyi planlaşdırdığını bildirdi, əlaqələrin genişləndirilməsi məqsədilə yeni istiqamətlərin və yolların müəyyənləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.

Azərbaycan Prezidenti ölkələrimiz və xalqlarımız arasında təmasların artırılmasının vacibliyinə toxundu.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq təsisat çərçivəsində parlament, gənclər və qadınlar platformalarının yaradılması təşəbbüsləri ilə çıxış edib.

Prezident İlham Əliyev bildirdi ki, Qoşulmama Hərəkatının yaradılmasının müstəmləkəçiliyə qarşı mübarizənin təməl prinsiplərindən və fəaliyyət istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan neokolonializmə qarşı mübarizəni də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib və bu prosesə öz dəstəyini verib. Bakı Təşəbbüs Qrupunun 2023-cü ildə həm Bakıda, həm də BMT-nin Cenevrə ofisində neokolonializm mövzusunda vacib tədbirlər keçirdiyini qeyd edən Azərbaycan Prezidenti vurğuladı ki, müstəmləkəçi ölkələr Afrikada, Asiyada, Latın Amerikasında müstəmləkə altında saxladığı xalqlardan və dövlətlərdən ən azı üzr istəməlidirlər. Dövlətimizin başçısı onu da əlavə etdi ki, müstəmləkəçiliyin forması dəyişsə də, mahiyyəti dəyişməyib və onu müxtəlif formalarda saxlayıb.

Beynəlxalq institutlara üzv olduqlarından sui-istifadə edərək müstəmləkəçi imperiyaların müstəmləkə altına saldıqları ölkələrdə törətdikləri cinayətləri ört-basdır etməyə çalışdıqlarını deyən dövlətimizin başçısı bu cinayətlərin dünya ictimaiyyətinə daha geniş çatdırılmasının zəruriliyini vurğuladı.

Prezident İlham Əliyev Syerra-Leone Prezidentini bu il Bakıda keçiriləcək COP29 tədbirinə dəvət etdi.

Görüşdə iqtisadiyyat, kənd təsərrüfatı, investisiya, insan kapitalının inkişafı, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı, yaxşı idarəçilik sahəsində təcrübə mübadiləsi, bu xüsusda “ASAN xidmət” təcrübəsi qeyd edildi, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməyə hazır olduğu bildirildi.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyev Seneqalın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
NövbətiFaiq Mütəllimov: elektrik avtomobillərə keçid prosesi sürətlə gedir