Paytaxt məktəblilərinə Başlıbel faciəsi barədə məlumat verilib

Ermənistanın tarix boyu Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasəti, quldur erməni hərbi qruplaşmalarının törətdiyi vəhşi əməllər, dinc və günahsız yerli sakinlərin kütləvi qətliamlarının heç də hamısı kifayət qədər öyrənilməyib. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması mənfur qonşumuzun törətdiyi vandalizm aktlarının dəlil və sübutlarla əsaslandırılmış şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar yaradıb. Belə hadisələrdən biri də Kəlbəcərin Başlıbel kəndində törədilən faciədir. Ermənilərin həmin kənddə törətdiyi qanlı cinayətləri geniş ictimaiyyət üçün uzun illər sirr olaraq qalıb. Həmin faciədən bəhs edən “Qanlı kaha” kitabı çap olunandan sonra əsil həqiqətlər üzə çıxdı və indi Başlıbel faciəsi barədə nəinki Azərbaycanın hər yerində, hətta uzaq xaricdə də məlumatlıdırlar. Bununla belə, həmin hadisələri daha dərindən öyrənməli və kənd sakinlərinin başına gələn faciəni daha geniş auditoriyalarda təbliğ etməliyik. İndi elə bir tarixi mərhələdə yaşayırıq ki, gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına, xüsusilə məktəb yaşlı uşaqların bu həqiqətləri dərindən öyrənməsinə daha çox ehtiyac var.

AZƏRTAC xəbər verir ki, Bakının Yasamal rayonundakı 286 nömrəli məktəbdə ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” mövzusunda maarifləndirmə tədbirində bu barədə söhbət gedib.

“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə həmin məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər. Əvvəlcə torpaqlarımızın müdafiəsi və müstəqil Azərbaycanın suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Samir Mehdizadə miqyasına, şiddətinə və 28 ildən sonra aşkarlanmış kütləvi məzarlığa görə adı BMT-nin hesabatlarına düşən Başlıbel faciəsinin öyrənilməsi və təbliğinin şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsindəki rolundan bəhs edib.

Məktəbin tarix müəllimi Malik Məmmədov Ermənistanın müharibə cinayətləri, düşmən vandalizmi nəticəsində yaranan Edilli, Qaradağlı kəndlərində, Xocalı və Şuşa şəhərlərində və digər ərazilərdə, o cümlədən Başlıbeldə aşkarlanan kütləvi məzarlıqlar barədə məlumat verib.

Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov Azərbaycanın ən yeni tarixində ağrılı bir yer tutan Başlıbel faciəsindən bəhs edərək bildirib ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində 76 sakin işğalçı ordunun mühasirəsində qalıb. Onlardan 14 nəfəri aprelin 2-də qarlı dağ aşırımlarından keçməklə mühasirədən çıxmaq istəyərkən yolda qətlə yetirilib və ya girov götürülüb. Digər 62 nəfər isə kəndin yaxınlığındakı kahalara sığınaraq mühasirə həyatını davam edib. 113 gün davam edən mühasirə dövründə dəfələrlə erməni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 14 nəfəri girov götürülüb, 18 nəfəri qətlə yetirilib, 1 nəfəri itkin düşüb, 29 nəfər isə yalnız gecələr gizli dağ yolları ilə mühasirədən çıxa bilib.

Mərhumiyyətlərlə dolu faciənin şahidlərindən biri Səlim Mehdiyev mühasirə günlərində üzləşdikləri çoxsaylı çətinliklərdən, yaşadıqları ağrılı-acılı günləri xatırlayıb.

Çıxışlardan sonra Başlıbeldə 113 gün davam edən mühasirə iştirakçılarının düşmənlə mübarizə şəraitində yaşadıqları çətinliklər barədə suallar cavablandırılıb, “Qanlı kaha” kitabı müəllim və şagirdlərə paylanılıb.

ƏvvəlkiErmənistan parlamenti Roma Statutunu ekspertizadan keçirib
Növbətiİtalyan pianoçu Lorenso Banyati Muğam Mərkəzinin səhnəsində çıxış edəcək