Özbəkistanın QHT nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyevanın müşayiət etdiyi nümayəndə heyəti Özbəkistanın QHT sədrləri, media təmsilçiləri, Özbəkistanın aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət olub.

Qonaqlar Cənubi Qafqazda ilk ən böyük çoxşaxəli inklüziv məkanda həssas əhali qruplarına aid şəxslərə göstərilən xidmətlərlə tanış olublar.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova iki il əvvəl yaradılan Mərkəzin inklüziv cəmiyyətin inkişafına dəstək məqsədilə ötən dövrdə gördüyü işlər barədə məlumat verib.

Qeyd olunub ki, 2021-ci il oktyabrın 22-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılışı keçirilən Mərkəzdə əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, valideyn himayəsindən məhrum və ya valideynini itirmiş uşaqlar, habelə digər həssas kateqoriyaların yaradıcılıq potensialına dəstək işləri aparılır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə həssas kateqoriyalardan olan şəxslər müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərlə yanaşı, sosial psixoloji dəstək tədbirlərinə də cəlb edilir.

Qonaqlara Mərkəzin istedadlı üzvlərinin ifasında musiqi nömrələri təqdim olunub.

Nümayəndə heyətinin üzvləri Mərkəzin yaradıcılıq studiyalarında olub, təlim prosesini izləyiblər. Qonaqlar benefisiarların və təlimçilərin əl işlərindən ibarət ekspozisiyaya da baxıblar.

ƏvvəlkiAzərbaycanın dörd güləşçisi hərbçilər arasında dünya çempionu olub
NövbətiTürkiyə MTŞ-də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması müzakirə olunub