İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə olaraq Azərbaycan və Özbəkistan QHT-lərinin forumu keçirilib

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə olaraq Azərbaycanın və Özbəkistanın qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunun açılış paneli keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli şəhər Mirzə Uluqbəy adına tam orta məktəbdə təşkil olunan tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Sonra Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Daha sonra iki ölkə arasında münasibətlərin inkişafına dair videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva hər iki ölkənin vətəndaş cəmiyyətlərinin təmsilçilərinin iştirakı ilə keçirilən Forumun yeni əməkdaşlıqların qurulması üçün tarixi zəmin yaradacağına əminliyini bildirib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev deyib ki, bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədədir. “Bu tarixi uğur Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yürütdükləri uzaqgörən siyasətə söykənir. Əlbəttə, istər siyasi, istər mədəni, istər də tarixi əlaqələrin bu səviyyədə yüksək olduğu bir dövrdə vətəndaş cəmiyyəti təsisatlarının da üzərinə mənəvi məsuliyyət düşür. Bu xətti qeyri-hökumət təşkilatları vasitəsilə də gücləndirmək, irəli aparmaq üçün böyük imkanlar, potensial var”, – deyə o qeyd edib.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov iki ölkə arasında əməkdaşlığın QHT-lər sahəsində də inkişafının önəmini vurğulayıb.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Turxan Süleyman Özbəkistan dövlətinin Azərbaycana hədiyyəsi olan Mirzə Uluqbəy adına tam orta məktəbin imkanları barədə danışıb.

Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev iki ölkə arasında əlaqələrin QHT-lər sahəsində də inkişafı üçün bu Forumun vacib təkan olacağını qeyd edib.

Milli Məclisin deputatları – Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Fatma Yıldırım və Sabir Rüstəmxanlı iki qardaş ölkənin bütün sahələrdə əlaqələri genişləndirdiyini bildiriblər.

Forumda Özbəkistanın və Azərbaycanın vətəndaş cəmiyyətlərinin təmsilçiləri hər iki ölkənin dövlət başçılarına birgə müraciət ünvalayıblar.

ƏvvəlkiNövbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub
NövbətiGüclü küləklə müşayiət olunan hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib