İlin əvvəlindən Zaqataladan 227 kiloqram qızılgül yağı ixrac edilib

Bu ilin birinci yarısında Zaqatala rayonunda fəaliyyət göstərən “Ləcheq Farm and Distillery” MMC-nin qızılgül yağı istehsalı müəssisəsində 205 kiloqram qızılgül və 733 kiloqram lavanda yağı istehsal edilib. İlin əvvəlindən müəssisə tərəfindən xarici ölkələrə keçən ildən qalan məhsul da daxil olmaqla, 227 kiloqram qızılgül yağı ixrac olunub.

Müəssisədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda MMC-nin rayonun Aşağı Tala kəndinin ərazisində 151 hektar “Dəməşq qızılgülü”, həmçinin 33,5 hektar lavanda və nanə plantasiyaları mövcuddur. Sahələr tam olaraq damcı suvarma sistemi ilə suvarılır. Bu, bitkinin məhsuldarlığına müsbət təsir göstərməklə yanaşı, torpaqların erroziyadan və şoranlaşmadan qorunmasına, su ehtiyatlarından daha qənaətlə istifadə olunmasına zəmin yaradır.

Cari mövsümdə plantasiyalardan 600 ton qızılgül və 75 ton lavanda ləçəyi toplanıb. İlin birinci yarısında Fransaya 122 kiloqram, Türkiyəyə 50 kiloqram, Almaniyaya 40 kiloqram, Polşaya isə 15 kiloqram qızılgül yağı ixrac edilib. Eyni zamanda, az miqdarda məhsul Litvaya göndərilib. Ümumiyyətlə, müəssisədə istehsal olunan efir yağları ixracyönümlüdür və 12-dək ölkəyə ixrac edilir. Gül yağından parfümeriya, fraqrens, aromaterapiya, kosmetologiya sənayesində xammal kimi istifadə olunur.

Qeyd edək ki, 3000 kiloqramadək qızılgüldən 1 kiloqram efir yağı istehsal etmək mümkündür.

ƏvvəlkiMakron Fransa hökumətində dəyişikliklərlə bağlı iclas keçirəcək
NövbətiŞuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər