Faktiki hava: Zaqatalaya diametri 25 millimetr olan dolu düşüb

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 7-nə olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 6-sı axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında isə səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a bildirilib ki, düşən yağıntının miqdarı Qəbələdə 62 (aylıq normanın 79 faizi), Qaxda 33 (aylıq normanın 28 faizi), Zaqatalada 25 (aylıq normanın 30 faizi), Oğuzda 18 (aylıq normanın 24 faizi), İsmayıllıda 15, Şamaxı, Xaltan, Şahdağ, Şəki, Balakən, Quba, Xaçmaz, Xınalıq, Altıağacda 6, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, arabir Zaqatala, Balakəndə 20, Altıağacda 17, Bakıda və Abşeron yarımadasında 25 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Sentyabrın 7-də Qəbələ rayonuna diametri 17, Qax rayonuna 11, Zaqatala rayonuna 25 millimetr olan dolu düşüb.

Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 7-də Şəki rayonu ərazisindən keçən Damarçınçay, Şinçay, Zaqatala rayonu ərazisindən keçən Talaçay, Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançay, Vəndamçay, Şamaxı rayonu ərazisindən keçən Pirsaatçay, İsmayıllı rayonu ərazisindən keçən Girdimançay, Göyçay, Oğuz rayonu ərazisindən keçən Əyriçay və Türyançay çaylarından sel keçib.

ƏvvəlkiNyu-Yorkda ilin ən isti temperaturu qeydə alınıb
NövbətiCeyhun Bayramov Rusiya XİN rəhbərinin xüsusi nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə edib