BMT-nin Uşaq Fondu UNICEF-in nümayəndə heyətinın Naxçıvana səfəri başlayıb

BMT-nin Uşaq Fondu UNICEF-in nümayəndə heyətinin Naxçıvana səfəri başlayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, BMT-nin Uşaq Fondu UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova və rəhbərlik etdiyi heyət ilk olaraq Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov və həkim heyəti ilə görüşüb. Görüşdə Samiq Sadıxov muxtar respublikada səhiyyə sahəsində reallaşdırılan islahatlardan və xidmətin ən yüksək şəkildə təmin olunması üçün nəzərdə tutulan layihələrdən bəhs edib. Bildirilib ki, səhiyyə sistemində ən önəmli məsələ ilkin səhiyyədir. Vətəndaşların yüksək tibbi xidmətlərdən yararlana bilməsi məqsədilə muxtar respublikada 37 Ailə Sağlamlıq Mərkəzi, həmçinin tərkibində peyvənd mərkəzi olan İctimai Səhiyyə Xidməti yaradılıb. Yaxın zamanda istifadəyə veriləcək Smart Peyvənd sistemi uşaqların peyvənd olunması prosesini asanlaşdırmaqla yanaşı, peyvənddən kənarlaşma hallarının da qarşısını alacaq. Görüşdə muxtar respublikada səhiyyə sisteminin gələcək perspektivlərindən bəhs olunub.

BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova bildirib ki, qısa zaman kəsiyində muxtar respublikada yerinə yetirilən islahatlar və layihələrlə tanış olmaqdan məmnun olduq. Ən sevindirici məqam səhiyyədə yeni təşəbbüslərə açıq olmanızdır. Dar zaman çərçivəsində bu dərəcədə əhəmiyyətli işlərin reallaşması, yeni başlanğıclar ümidvericidir. Biz əminik ki, işlər bu istiqamətdə davam edərsə, Naxçıvan səhiyyəsi örnək təşkil edəcək və bu nümunədən ölkəmizin bütün bölgələrində yararlanmaq mümkün olacaq. Səfərimizin məqsədi BMT-nin Uşaq fondunun “Səhiyyə və qidalanma” proqramı ilə əməkdaşlıq istiqamətlərini müzakirə edərək hansı sahələrdə təcrübələrimizi bölüşə biləcəyimizi, bir-birimizə necə dəstək ola biləcəyimizi müəyyənləşdirməkdir. Xüsusilə UNICEF-in mandatına uyğun olaraq ana və uşaq sağlamlığı məsələləri prioritet təşkil edir. Bu baxımdan ilkin səhiyyə xidmətlərində tibbi kadrların bilik və bacarıqlarının artırılması əsasdır. Hamilə qadınlara və doğuşa yardım xidməti göstərən müəssisələrdə UNICEF-in tövsiyələrinə uyğun olaraq, yeni təşəbbüslərin tətbiqi mümkündür. Məhz bu baxımdan da əməkdaşlığımız mühüm əhəmiyyət kəsb edir.

Nümayəndə heyəti görüşdən sonra Naxçıvan Perinatal Mərkəzi, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Ordubad Ailə Sağlamlıq Mərkəzində olublar. Həmçinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsində də görüş keçiriblər.

Qeyd edək ki, noyabrın 15-dən UNICEF-in təlimçilərinin 3 günlük təlimləri başlayacaq. İlkin səhiyyə xidmətlərinin təkmilləşdirilməsi, erkən uşaqlıq dövrün inkişafı yol xəritəsi, “superviziya” sosial işçilərin rolu, hamilə qadının patronajının superviziyası – Edinburq şkalası ilə depressiyanın müəyyən edilməsi, yeni doğulmuş uşağın patronajı, uşağın inkişafının monitorinqi və s. mövzularda ətraflı təlimlər keçiləcək. Mütəxəssislər Naxçıvanda yeni UPHV (Universal Progressive Home-Visiting) modelinin tətbiqi üçün bir kurator və iki supportive superviser seçəcək və əlaqələndirici işçi qrup yaradılacaq.

ƏvvəlkiMilli Məclis 2024-cü ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib
NövbətiAnkara valisinə Şuşanın turizm potensialı və inkişafı barədə məlumat verilib