Binəqədi rayonunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb

Binəqədi rayonunda baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

“Təəssüflə bildiririk ki, bu gün saat 14 radələrində yaralılardan bir nəfəri – Rüstəmov Adil Aydın oğlu (1996) göstərilən tibbi yardımlara baxmayaraq, müalicə aldığı xəstəxanada ölüb, bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10-na çatıb. Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bir daha vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır”, – məlumatda qeyd edilib.

Bildirilib ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 9 nəfərin ölümü, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

ƏvvəlkiPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
NövbətiHavanın temperaturu 5-10 dərəcə enəcək, yağış, qar yağacaq, güclü külək əsəcək