Azərbaycanın energetika naziri Vyanada Kadri Simson və Patrik Puyane ilə görüşüb

Vyana səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovun Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simson və “Total Energies” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşləri olub.

Trend xəbər verir ki, Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simson ilə görüşdə “Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun icrası, həmçinin enerji təhlükəsizliyi və enerji keçidinin uğurla həyata keçirilməsi məqsədilə müxtəlif bazar iştirakçılarının təmsil olunduğu enerji dialoqu platforması üzrə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Cənub Qaz Dəhlizinin genişləndirilməsi, həmçinin Avropa ərazisində boru kəmərləri infrastrukturunun qurulması istiqamətində cari vəziyyət nəzərdən keçirilib və proseslərin sürətləndirilməsi üçün səylərin gücləndirilməsinin vacibliyi bildirilib.

“Total Energies” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane ilə görüşdə isə “Abşeron” qaz-kondensat yatağının işlənilməsi, ümumi gücü 500 MVt olan günəş və külək layihələrinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Azərbaycanın “yaşıl enerji” kursunun həyata keçirilməsində “Total Energies” ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu aspektdə, 250 MVt gücündə külək, Naxçıvanda 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin həyata keçirilməsinin “yaşıl enerji” əməkdaşlığına töhfə verəcəyi qeyd edilib.

ƏvvəlkiMusiqili Teatrda 113-cü mövsüm başa çatmaq üzrədir
NövbətiBaş prokuror Naxçıvanda 70 vətəndaşı qəbul edib