Aygün Əliyeva: Özbəkistanın Azərbaycana hədiyyə etdiyi məktəb tarixdə vətəndaş cəmiyyətinin dostluq mərkəzi kimi qalacaq

Son illərdə Azərbaycan ilə Özbəkistan arasında əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli platformada, eyni zamanda, Türk Dövlətləri Təşkilatları çərçivəsində uğurla inkişaf edir. Azərbaycanı Özbəkistanla bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və vətəndaş cəmiyyəti birləşdirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agentliyinin İcraçı direktoru Aygün Əliyeva jurnalistlərə müsahibəsində söyləyib.

“Mübaliğəsiz deməliyik ki, son illər yüksək səviyyəli görüşlər Özbəkistanı və Azərbaycanı həm siyasi dialoq çərçivəsində, həm də ictimai həyatın bütün sahələrində yaxınlaşdırıb. Bu xüsusda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstək Agentliyi hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək məqsədilə bu səfəri təşkil edib.

Özbəkistan nümayəndə heyəti beşgünlük səfər çərçivəsində Azərbaycandadır. Nümayəndə heyətinə Özbəkistanın Prezidenti Administrasiyasının, aidiyyəti dövlət qurumlarının əməkdaşları, nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri və media təmsilçiləri daxildir”, – deyə İcraçı direktor qeyd edib.

O deyib ki, səfər çərçivəsində həm müxtəlif dövlət orqanlarında görüşlər, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının ofislərini ziyarət, eyni zamanda, Özbəkistanda fəaliyyət göstərən analoji donor təşkilatları ilə qarşılıqlı memorandumun imzalanması, həmçinin maraqlı müzakirələrin aparılması nəzərdə tutulur.

“Bu forum Azərbaycanın və Özbəkistanın qeyri-hökumət təşkilatlarının həyatında ilk təşəbbüsdür. Bu təşəbbüsün məhz Füzuli şəhərində Özbəkistanın Azərbaycan hökumətinə hədiyyə etdiyi məktəbdə keçirilməsi təsadüfi deyil. Füzuli şəhər Mirzə Uluqbəy adına tam orta məktəb həm də vətəndaş cəmiyyətinin dostluq mərkəzi kimi tarixə düşəcək”, – deyə A.Əliyeva bildirib.

ƏvvəlkiHökumətlərarası təqaüd proqramları çərçivəsində Çində təhsil təqaüd proqramı elan edilib
NövbətiPostmüharibə dövründə imtiyazlı şəxslərə 5500 ev verilib