ATƏT PA Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb

ATƏT Parlament Assambleyası Rusiyanı terrorizmə sponsorluq edən dövlət, “Vaqner” Xüsusi Hərbi Şirkətini isə terror təşkilatı kimi tanıyıb.

“Report” “RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Xalqın xidmətçisi” parlament fraksiyasının sədr müavini Yevgeniya Kravçuk feysbuk sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, bununla bağlı ATƏT Parlament Assambleyasının Vankuverdə keçirilən sessiyasında yekun bəyannamə qəbul edilib:

“Sənəddə Rusiya hökuməti adından “Vaqner” Xüsusi Hərbi Şirkətinin hərəkətləri haqlı olaraq terror təşkilatı kimi səciyyələndirilib. ATƏT PA üzv dövlətləri aşağıdakıları aydın şəkildə tanıyan beynəlxalq normaları gücləndirməyə çağırır: “Vaqner” Xüsusi Hərbi Şirkətinin terror xarakteri və onun hərəkətləri, habelə Rusiyanın bu terror təşkilatının dövlət himayədarı kimi məsuliyyəti. İlk dəfədir ki, belə bir ifadə beynəlxalq təşkilatın rəsmi sənədində öz əksini tapıb”.

Bundan əvvəl ATƏT Parlament Assambleyasının (PA) plenar iclasında Rusiya Federasiyasının Ukraynada törədilmiş hərbi cinayətlərə görə məsuliyyət daşıması üçün xüsusi tribunalın yaradılması haqqında qətnamə qəbul edilib.

ƏvvəlkiXİN Bakıda QH-nin Koordinasiya Şurasının Nazirlər Toplantısı barədə məlumat yayıb
NövbətiFHN bəzi ərazilərdə müşahidə olunan hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib