UNEC-də akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görkəmli ədəbiyyatşünas və tənqidçi alim, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri və universitetin professor-müəllim heyəti iştirak edib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradov Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından söz açaraq, dövlətimizin elm, mədəniyyət və incəsənət xadimlərinə olan diqqət və qayğısından danışıb. Dövlətin gücünün onun yetişdirdiyi şəxsiyyətlərlə ölçüldüyünü deyən rektor həmin ziyalıların dəyərli fikirlərinin və elmə verdiyi töhfələrin gənc nəslə ötürülməsinin böyük əhəmiyyət daşıdığını bildirib. O, Məmməd Cəfər Cəfərovun ədəbi-bədii irsi ilə yanaşı, ölkəmizin ictimai-siyasi inkişafında da zəngin irsə malik olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli ölkədə təhsilin bütün mərhələlərində yenilənmələrin və beynəlxalq təhsil sisteminə inteqrasiyanın aparıldığını bildirib. UNEC-in bu proseslərin önündə getdiyini və tətbiq etdiyi yeniliklərlə ölkə təhsil mühitinin sədlərini aşdığını deyən akademik bu ali təhsil müəssisəsinin beynəlxalq aləmdə layiqincə təmsil olunduğunu diqqətə çatdırıb.

İsa Həbibbəyli Azərbaycan estetik fikir və ədəbi tənqidinin görkəmli nümayəndəsi Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətindən söz açıb. Bildirib ki, görkəmli alim Azərbaycan ədəbiyyatının tarixinə və nəzəriyyəsinə həsr olunan sanballı əsərlərin, aktual ədəbi, estetik və pedaqoji problemlərə aid dəyərli kitabların müəllifidir. Məmməd Cəfər Cəfərovun bədii yaradıcılıqla da məşğul olduğunu vurğulayan akademik onun universal ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı, eyni zamanda, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının elmi-nəzəri konsepsiyasının banisi olduğunu deyib.

Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli görkəmli alimin ədəbiyyat tariximizin öyrənilməsində əvəzsiz xidmətlərindən söz açıb, onun Nizami Gəncəvidən, Məhəmməd Füzulidən başlayaraq Hüseyn Cavidə, Səməd Vurğuna qədər söz sərrafları haqqında apardığı tədqiqatların ədəbiyyat tariximizin öyrənilməsində böyük əhəmiyyət daşıdığını bildirib.

Sonra Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Tahirə Məmməd “Məmməd Cəfər Cəfərov və klassik irs” mövzusunda çıxış edib. O, görkəmli alimin Azərbaycanın ədəbiyyatşünaslıq elminə verdiyi töhfələrdən bəhs edib.

Tədbirin sonunda akademik İsa Həbibbəyli müəllifi olduğu kitabları UNEC-in 24/7 kitabxanasına hədiyyə edib.

Əvvəlki“Smart tələbə kartı”nın təqdimat mərasimi keçirilib
NövbətiVoleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat Turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib